Şəhidin adını daşıyan kəndin adı niyə dəyişdirildi?

# 17:17
28 yanvar 2023

Məmməd Məmmədov “20 Yanvar” faciəsi ərəfəsində Sədərək döyüşlərində şəhid olub. O, Naxçıvanın ilk şəhidlərindən sayılır. Şərur rayonunun Şəhidməmməd kəndinin adı da şəhid Məmməd Məmmədovun xatirəsinə ehtiram əlaməti olaraq, Ümummilli lider Heydər Əliyev tərəfindən verilib.

Bir müddətdir ki, kəndin adı dəyişdirilib Danyeri olub. Sakinlər isə bu dəyişikliyə etiraz edirlər.

Kəndin ağsaqqalı, eyni zamanda, Məmməd Məmmədovun döyüş yoldaşı İslam Qafarov deyir ki, Sədərək döyüşləri başladığı gündən bu kəndin gəncləri səngərlərdə Vətənin keşiyində durub. Elə döyüşlərdə ilk şəhid verən də məhz bu kənd olub.

Şəhidin qardaşı Zəfər Məmmədov deyir ki, Ulu öndər Heydər Əliyev kəndə gələrək, onların ailəsi ilə görüşüb. Məhz bu görüşdən sonra Heydər Əliyevin təşəbbüsü və qərarı ilə kəndin adı Şəhidməmməd olub.

Məmməd Məmmədovun həyat yoldaşı Reyhan Məmmədova bu qərarı şəhidlərə hörmətsizlik kimi qiymətləndirir.

44 günlük Vətən müharibəsində övladı şəhid olan Əziz Məmmədov deyir ki, Məmməd Məmmədov hər zaman bu kəndin gəncləri üçün örnək olub. Onun adını daşıdığı kəndin sonradan başqa cür adlandırılması isə utancvericidir.

İndi Məmməd Məmmədovun döyüş yoldaşlarının, eyni zamanda, İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının bir istəyi var – kəndin köhnə adı bərpa edilsin.

Kəndin bələdiyyə sədri Nazim Novruzov məsələ ilə bağlı bildirdi ki, ad dəyişdirilərkən, aidiyyəti orqanlara Şəhidməmməd kimi yox, Yenikənd kimi təqdim olunub. Halbuki həmin vaxt kəndin adı Şəhidməmməd olub. Bu adın niyə dəyişdirildiyi hamı kimi ona da qaranlıq qalıb. Bələdiyyə sədri aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq hələ də bir cavab ala bilmədiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR