Şəhidləri ərazidən çıxarmağa gedərkən minaya düşdü - CƏSUR DÖYÜŞÇÜ VASİF MƏHƏRRƏMOV

# 19:01
22 fevral 2022

Bəli, şəhidlik böyük və müqəddəs zirvədir. Üzeyir kişinin oğlu Vasif Məhərrəmov da o zirvəyə ucalan vətən övladlarındandır. Vasif Məhərrəmov qələbə sevincini yaşadıqdan sonra şəhadətə ucalıb.

Məhərrəmov Vasif Üzeyir oğlu 1989-cu il fevralın 8-də Beyləqan rayonunun Milabad qəsəbəsində dünyaya gəlib. Hələ kiçik yaşlarından vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyüyüb. Buna görə də yaşadığı illər onu hərbiçi kimi yetişdirib. Əsgərlik xidmətini Fövqəladə Hallar Nazirliyində keçdikdən sonra Milli orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 2009-cu ildən isə əlahiddə kəşfiyyat taborunda kəşfiyyatçı kimi xidmətə davam edib.

Ömrünü hərbə, vətənə xidmətə həsr edən cəsur döyüşçünün 2016-cı ildə Aprel döyüşlərində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsində müstəsna xidmətləri olub. Bundan sonra O, gizir rütbəsi alıb və taborun xüsusi təyinatlı bölüyündə xidmət etməyə başlayıb. Vətən müharibəsi başlayanda Füzulidən Laçına qədər hakim yüksəkliklərin azad olunmasında qəhrəmanlıq göstərib.

Gizir Məhərrəmov ailəli idi. Onun bir oğul, bir qız övladı var.

Onun son döyüş tapşırığı 2021-ci ilin 1 yanvar tarixində baş tutub. Cəsur döyüşçü Qubadlı rayonunun Qantəpə deyilən ərazisində ikinci Qarabağ müharibəsi döyüşlərində şəhid olan əsgərlərin nəşini ərazidən çıxarmağa gedərkən mina partlayışı nəticəsində ağır yaralanır. Təcili hərbi hospitala yetişdirilir. Həkimlərin səyinə baxmayaraq Vasifin həyatını xilas etmək mümkün olmur.

Vasif Üzeyir oğlu Məhərrəmov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə  “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin Azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Elgün Gəncimsoy, Ziya İsmayılov – APA TV, Beyləqan

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR