Səhiyyə naziri əvəzi vətəndaşlara müraciət etdi - “XƏSTƏLİK HƏLƏ BİTMƏYİB”

# 20:54
5 noyabr 2021

“Başa düşməliyik, koronavirus mutasiyaya uğrayır, müxtəlif ştammları aşkarlanır”.

 

APA TV-nin  xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.

 

O qeyd edib ki, bu, daimi prosesdir, qorxmaq lazım deyil: “Sadəcə hazırlıqlı olmalı və anlamalıyıq ki, xəstəlik hələ bitməyib. Arxayınlaşmaq lazım deyil. Sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik. Eyni zamanda vaksinasiya öz yerində, infeksiyanın lokallaşdırılması, bütün epidemioloji təbirlərin aparılması da məcburidir. Xəstə sayı azalanda insanlar arxayınlaşır, adi maska rejiminə riayət etmək istəmirlər, bu isə yenidən xəstə sayında artıma səbəb olur”.

 

Səhiyyə Nazirliyinin Ekspert Şurasının, Tibbi Elmi Şuranın qərarına əsasən, Azərbaycanda 12-18 yaşlı uşaqlar könüllü olaraq hər iki valideynin razılığı əsasında vaksinasiya oluna bilərlər" deyən Teymur Musayev qeyd edib ki, həmin uşaqlara yalnız mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulur: "Ölkədə vaksin sayı yetərincədir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda bütün vaksinlər var, təkcə öz vətəndaşlarımız deyil, ölkədə müvəqqəti və daimi yaşayan əcnəbilər də istədikləri vaksini seçib vurdura bilərlər”.

 

Azərbaycanda pandemiya ilə bağlı cari vəziyyətdən danışan T.Musayevin sözlərinə görə, bir müddət əvvəl yoluxma sayının artmasına səbəb insanların uğurlu vaksinasiya kampaniyası fonunda arxayınlaşması və sosial məsafə, fərdi müdafiə qaydalarına əməl etməməsidir: "Mən hələlik "delta plyus" ştammı barədə məlumat olmadığı üçün nəsə deyə bilmərəm. Biz müntəzəm olaraq əlavə vaksinlərin gətirilməsi məsələsi üzərində işləyirik. Zərurət yaranacağı halda biz əlavə vaksin satın alacağıq".

 

Azərbaycanda səhiyyə sahəsində gələn il gözlənilən əsas prioritetlər açıqlayan Teymur Musayev bildirib ki, yeni il üçün əsas prioritetlər vətəndaşların sağlamlığının qorunması, ana və uşaq sağlamlığı, qazi və şəhid ailələrinin sağlamlığına dəstək və səhiyyə sahəsində bir neçə müasir layihənin həyata keçirilməsidir.

 

 

Sevinc Vaqifqızı

Xəqani Hüseynov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR