Sel suları torpaq sürüşməsini aktivləşdirdi - sakinlər narahatdır

# 13:50
9 dekabr 2021

Astaranın Şiyəkəran kəndində çay kənarında yerləşən həyətyanı sahələrdə sel suları torpaq sürüşməsini aktivləşdirib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Pensər çayının Şiyəkəran kəndindən keçən hissəsində sahilə yaxın evlərin sakinləri bir neçə ildir ki, torpaq sürüşməsindən əziyyət çəkirlər. Bu illər ərzində yağıntılar vəziyyəti daha da pisləşdirib. Kənd sakinlərinin əsas məşğuliyyəti sitrusçuluq olduğundan demək olar ki, bütün həyətlərdə meyvə bağlarına rast gəlmək olur. Sakinləri evlərinin qəzalı vəziyyətə düşməsindən ilə yanaşı, həm də sel sularının yaşlı, məhsuldar ağacları gövdələri ilə birgə yuyub aparmasıdır. 

Kənd sakini Vaqif Əsədov deyir ki, 1 ay əvvəl yağan yağışların yaratdığı sel indi torpağın sürüşməsinə səbəb olub: “1 ay bundan qabaq yağış yağdı, çay yüksəldi, güclü sel gəldi. Yuxarıdan yağış, aşağıdan sel, dağılır. Torpaq yuxarıdan sürüşür, aşağıdan da sel dağıdır aparır. Hal-hazırda bizə yardım edən yoxdur. Uşaq məktəbə gedir, buradan uşaqlar keçirlər. Sabah bir körpə uşaq bura düşsə heç kimin xəbəri olmaz, heç kim burada görə bilməz.”

Pensər çayında betonlama işləri müəyyən qədər getsə də, çəkiliş apardığımız ərazilər isə diqqətsiz qalıb. Sel suları, torpaq sürüşməsi evlərə və təsərrüfatlara, istifadə olunan yola ziyan vurmağa davam edir. 

- Problem odur ki, əvvəllər bu yol heç olmasa 6-8 metr var idi, indi 2.5-3 metr qalıb. Çay aparır, su aparır. Sürüşmə bir tərəfdən, çay özü də sel gələndə daşıyır, aparır. Xeyir iş var, şər iş var, gələn var, gedən var. “Şər deməsən, xeyir gəlməz" deyirlər. Heç maşın gələ bilmir. Təcili yardım çağırırıq. Deyir, o yol darısqaldır, qorxuruq. Gecə vaxtı necə gələk? Biz də qocayıq, xəstəsi var. Uşaq dərsə qorxur gedə bilmir, gərək onun qolundan yapışım mən, aparım ki, bu yoldan çaya yıxılmasın. Ev tikmək istəyirdim, yarıda saxlamışam ki, maşın daha daş gətirə bilmir, bir şey gətirə bilmir. Neçə ildir, o ev də elə qalıb. Bax, işimiz-güzəranımız budur. 

- Gördüyünüz kimi bu zibillər yuxarıdan gəlir. Hamı yuxarıdan-dağdan tökülə-tökülə gəlir, çıxır bizim kəndə. Kənd camaatı da elə bilir ki, bu zibilləri bizim kəndlilər atıb, amma bizim kəndlilər bura zibil atmır. Hamı yuxarı başdan tökülə-tökülə gəlir. Çay kənarı hamı zibildir. Niyə? Bizim müraciətimiz odur ki, zibilin qarşısını alsınlar, biz də təmiz nəfəs alaq. Burada torpağı aparır. Bax, orada yol var idi, camaat məscidə gedərdi, namaz qılardı, o yol da dağılıb, yollar bərbad gündədir. Xahiş edirəm, bunun üçün bir tədbir görülsün.

Məsələ ilə bağlı Astara suvarma sistemləri idarəsinə üz tutduq. İdarənin baş mühəndisi Fərid Yusubov bildirdi ki, sözügedən əraziyə yaxın günlərdə baxış keçirilib:   “2020-ci ildə Pensər çayının Siyəkü kəndi ərazisində 195 poqonometr, Pensər çayının Vaqo kəndi istiqamətində 70 poqonometr, bundan əlavə Pensər çayının Pensər kəndi ərazisində 620 poqonometr, Pensər çayının Şiyəkəran ərazisində 120 poqonometr sahil mühafizə bəndi tikilmişdir. Sözügedən ərazidə, Şiyəkəran kəndi ərazisində çay uçqunlarının yaranma səbəbi həmin ərazidə qanunsuz qazıntıların aparılmasıdır. Həmin əraziyə Astara suvarma sistemləri idarəsinin mütəxəssisləri dəfələrlə təhkim edilmiş, baxış keçirmişdir. Həmçinin yaxın günlərdə də həmin əraziyə baxış keçirildi. Bununla bağlı təklif və rəylər hazırlanıb. Növbəti illərdə vəsaitin ayrılacağı təqdirdə həmin ərazidə sahil mühafizə bəndləri tikintisi həyata keçiriləcəkdir.”

İndi kənd sakinlərinə yaxın zamanlarda problemlərin aradan qaldırılacağına ümid etmək qalır. İnanırıq ki, daha ciddi fəsadlar baş verməmiş şiyəkəranlıları narahat edən məsələ öz həllini tapacaq.

Tural Kərimov, Rövşən Əzimov, APA TV, Astara

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR