Səlim Müslümov pulları bu qohumu vasitəsilə yığırmış

# 15:37
7 oktyabr 2022

Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun vaxtilə qohumlarını da bu işə qatdığı məlum olub.

 

APA TV-nin “Kriminalqafqaz”a istinadən məlumatına görə, bununla bağlı 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərova etiraf edib. Belə ki, həmin müddətdə Səlim Müslümov Şəlalə Cəfərovanı xidməti otağına dəvət edərək Dövlət Sosial Təminat Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Aparat üzrə olan satınalmalardan “otkat”ın ona verilməsinə göstəriş verib. O da vəzifəsində qalmaq üçün Səlim Müslümovun tələbi ilə razılaşıb. 2014-2018-ci illərdə aylıq pullar Şəlaləyə verilib. O isə həmin pulları Səlim Müslümova xidməti otağında çatdırıb. Satınalmalar üzrə "otkat"ın miqdarı 20% olub.

 

Qeyd olunan dövr ərzində mal, iş və xidmətlərin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumları tərəfindən bağlanmış müqavilələr əsasında ödənilmiş vəsaitlərin ümumilikdə 4 milyon 369 min 355 manatı onlardan nağd şəkildə alınaraq müqavilə bağlanıldığı vaxtdan həmin ilin sonunadək Səlim Müslümova xidməti otağında verib.

 

Bundan əlavə, istintaq zamanı Şəlalə Cəfərova Səlim Müslümovun yeyinti əməllərində qohumluq əlaqələrindən də istifadə etdiyini deyib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına əsasən DSMF-nin auditoru İqtisadiyyat Nazirliyinin əməkdaşı ilə birlikdə Bakıda müxtəlif şirkətlərdə yoxlamalar keçirirmişlər. DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri isə Fuad Əlizadə olub. Hansı ki, Fuad Əlizadə sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. Bakıdakı şirkətlərdə yoxlamalar məhz Fuad Əlizadənin kurasiyasında olub. Onun rəhbərlik etdiyi şöbənin işçiləri yoxlamaları həyata keçirərək həmin şirkətlərdən qanunsuz alınmış pulları Fuad Əlizadəyə veriblər. O isə həmin pulları öz müdiri Şiraslan Əsədovun vasitəsilə Səlim Müslümova çatdırıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR