Sərhəddə atəş ocaqları niyə çoxalır?

# 19:24
23 avqust 2021

Azərbaycan Vətən Müharibəsində qazandığı qələbədən sonra işğaldan azad edilən ərazilər yeni inkişaf mərhələsinə qədəm qoydu. Ermənistanın bir çox hakimiyyət mənsubları anladı ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu fakt danılmazdır. 10 noyabr Bəyanatından sonra bir neçə ay sərhəddə atəş səsi eşidilməsə də, son vaxtlar rayonlarımız intensiv şəkildə atəşə tutulur.

APA TV-xəbər verir ki, təxribat hallarının Ermənistanda yeni müdafiə naziri təyinatından sonra baş verməsi də xüsusi diqqət çəkir. Sərhəd rayonlarla yanaşı, Xocalı, Xocavənd, Şuşa istiqamətindəki mövqelərimiz də tez-tez atəşə tutulur.

 

Millət vəkili Ramin Məmmədovun sözlərinə görə, Ermənistanın bu cür addımlar atması onu xaosa sürükləyir. Onların bu xaosdan çıxış yolu isə bölgədə sülhün təmin olunmasına və regiondakı layihələrdə iştirak etməsinə bağlıdır: ”10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il imzalanmış bəyannamələrdən irəli gələn, öhdəlikləri və layihələri həyata keçirməklə bağlı iki fərqli mənzərənin şahidi oluruq. Bir tərəfdə xaos digər tərəfdə isə bölgədə qeyri-stabil həyatın bərqərar olunmasına yönəlik cəhdlər. Müharibədə uduzan lakin uduzan qrupa səs verən Ermənistan xalqı, düşünürəm ki, bundan sonra olacaq mərhələlərdə Azərbaycanın apardığı konsturiktiv, regiona sülh və inkişaf gətirəcək layihələrə qoşulmaqdan başqa çarəsi və seçimi yoxdur”.

 

Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə Ermənistan artıq Rusiyadan və KTMT-dən gözlədiyi köməyi görə bilmədiyi üçün, sığına biləcəyi yeni ölkələr axtarışındadır. Bu səbəbdən sərhəd bölgələri və başqa Azərbaycan ərazilərinə durmadan kiçik çaplı silahlardan atəş açaraq, müharibənin hələ bitmədiyini, dünya ölkələrdən yardım gözlədiyini göstərmək istəyir: “Ermənistan 10 noyabr bəyanatının müddəalarına əməl etmədiyi üçün, və Azərbaycan tərəfinin bəyannəmənin şərtlərinə əməl olunması ilə bağlı çağırışlardan yayındırmaq üçün, belə bir addım atır. Ermənilər sərhədlərin delimitasiyası prosesində monipulasiya edərək, bu prosesin uzanmağına çalışır. Bu səbəbdən tez-tez bölgədə silah səslərini eşitdirməklə, regionda marağı digər sahələrə və proseslərə yönəltməyə çalışır”.  

Hər iki siyasi şərhçinin fikrincə, Ermənistanın bütün bu çabaları onlar üçün müsbət heç nə vəd etmir və törətdikləri hər bir təxribatın cəzasını çəkəcəklər.


Semral Cavad,
Samir Qaragözov,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR