Siyasi partiya təmsilçiləri Türk şəhidliyində

# 17:11
15 sentyabr 2021

Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk şəhidliyini ziyarət ediblər.

 

APA TV-nin xəbərinə görə, ziyarətçilər sırasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər üzvləri də olub. Onlar abidənin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

 

Siyasi partiya rəhbərləri Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından danışıblar.

                                                   

YAP sədrinin müavini Tahir Budaqov deyib ki, Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir: “Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib. Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olunub. Azərbaycanın haqq savaşında Türkiyə mənəvi və siyasi dəstək göstərib. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb”.

 

Böyük Azərbaycan Partiyasının sədri (BAP) Elşad Musayev bildirib ki, çətin gündə Azərbaycan və Türkiyənin bir yerdə olduğu aydın görünür: “44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin hər cür dəstəyini gördük. Dünyanın belə keşməkeşli zamanında Azərbaycan tək deyil. Azərbaycan artıq şərt qəbul edən deyil, diqtə edən dövlətdir. Xoşbəxtik ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var".

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, "102 il sonra sentyabr ayında Azərbaycanın ermənilər və onların arxalarında duranlara qarşı Vətən müharibəsi başlayanda yenə qardaş Türkiyə bizimlə bərabər oldu: “Bu dəfə həm siyasi, həm də mənəvi dəstək verdi. Qürurluyuq ki, biz türkük və bu gün çox sevincli anlar yaşayırıq. Bu gün Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimləri keçirilir. Azərbaycan güclü üçlüyün içərisində Qafqazda parlamaqdadır. Biz bu gün üçün hər bir türk şəhidinə tarix boyu minnətdarıq”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan –Türkiyənin əməkdaşlığı hər hansı bir dövlətə qarşı yönəlməyib: “Bu bölgə üçün gözəl bir nümunədir. Bu qardaşlıq digər türk dövlətlərinin də bir araya gəlməsi üçün töfhə verir. Tezliklə Türkdilli Dövlətlər Şurası Türk Dövlətlər birliyinə çevriləcək. Bakının azadlığı uğrunda canından keçmiş bütün insanlara rəhmət diləyirik. Onların qarşısında baş əyirik”. 

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı , türk şəhidlərinin ruhunu yad etməyə gəldiklərini deyib: ” Deyirik ki, siz unudulmamısınız, siz yaşayırsınız. Sizin arzu və ideallarınızın davamı olaraq bu gün yenə Azərbaycan ordusu ilə Türk ordusu bir yerdədir. Bir yerdə təlim keçirlər. Dünyaya bizim birliyimizi göstərirlər”.

 

Qeyd edək ki, Qafqaz İslam Ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid verib.

 

 

İlahə Vəliyeva Üzeyir Ağayev APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR