“Siyasi partiyalar haqqında” qanun layihəsini yazanların partiya təcrübəsi yoxdur - Tural Abbaslı

# 17:20
24 oktyabr 2022

“Bu qanun layihəsini yazanların heç birinin partiya təcrübəsi yoxdur. Adamlar bilmir ki, üzvlər necə gəlir, üzvlərin psixologiyası necədir”.

 

APA xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində AĞ Partiya başqanı Tural Abbaslı deyib.

 

O bildirib ki, bu layihəyə əsasən, üzvlərdən az qala qan qrupuna qədər istəyirlər: “Siz gedib indi qonşunuzdan şəxsiyyət vəsiqəsinin kodunu istə, gör verəcək? Amma partiya üzvlərinin elə məlumatları burada istənilir ki?.. Əgər məqsəd partiyaların fəaliyyətinin məhdudlaşdırılmasıdırsa, bu qanun çox əla hazırlanıb. Qanunun dili də bərbaddır. Biz partiyaları dövlətçilik maraqlarını hər şeydən üstün tutmağa səsləyirik. Partiyalar dövlətdən pul almırsa, İrandan da, Sorosdan da pul alacaq! Bu gün Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbsdə olan partiya sədrləri var. Bu qanun yenə də ona yol açacaq. Partiyanın daxili nizamnaməsinin Ədliyyə Nazirliyinə nə aidiyyəti var? Dövlət partiya sədrinə hörmət qoymayandan sonra partiya üzvü nə hörmət qoyacaq?! Partiya sədrlərinin təhlükəsizliyinin təminatı məsələsini biz qaldırmışıq. Bütün gün avtobusdayam, yoldayam. Mənim təhlükəsizliyimi dövlət təmin etməyəcəksə, kim etməlidir?! Ümumiyyətlə, bu qanunu yazanın rəqəm anlayışı var?! Bu qanunu yazanlar heç insanla işləməyib. O, heç ömründə 4000 imza yığıb? Digər tərəfdən, biz siyasətlə məşğul olaq, ya hesabat yığaq?! Bu qanunun belə müzakirəsi də peşəkar deyil. Qanunun geriyə tətbiqi də yolverilməzdir. Tahir Budaqovun da, Qüdrət Həsənquliyevin də təkliflərini dəstəkləyirik. Bu qanun layihəsi ilə bağlı partiya təcrübəsi olanlardan ibarət İşçi qrup yaradılmalıdır. Mən 40 min imza yığdım, Məzahir Pənahov məni qeydə almadı, dedi ki, səhvdir. Bəs mən seçkidə necə iştirak edim?”

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR