Şöbədə arvadını öldürən polis: “Məktəbə idman paltarı ilə getmişdi”

# 15:37
5 yanvar 2022

Bir müddət öncə işlədiyi 24-cü polis şöbəsinə ondan şikayətə gələn həyat yoldaşı Xanım Məmmədovanı güllələyən serjant İsmayıl Məmmədovun istintaq ifadəsi məlum olub.

 

APA TV “Kriminalqafqaz”a istinadən xəbər verir ki, istintaq ifadəsindən məlum olub ki, onlar arasında ilkin mübahisə geyim üstündə olub. İfadəsində İsmayıl Məmmədov bildirib ki, həyat yoldaşı Xanımla Bakı Dövlət Universitetində tanış olub, 2014-cü ildə ailə qurublar.

 

O bildirib ki, oğlunun təhsil aldığı 220 saylı məktəb xidməti ərazisində olduğu üçün övladının sinif yoldaşlarının valideyni olan qadınların hansının yüngül həyat tərzi keçirdiyini bilirmiş. Buna görə də həyat yoldaşına onlarla ünsiyyət saxlamağa icazə vermirmiş.

 

Hadisədən təxminən bir həftə əvvəl İsmayıl Məmmədov Xanımın məktəbə gedən zaman əyninə idman dəsti geyindiyini öyrənir və onlar arasında mübahisə düşür.

 

Onun sözlərinə görə, Xanımla barışmaq məqsədilə evə gəlsə də, aqressiv söhbət evdə də davam edib. Mübahisə zamanı İsmayıl həyat yoldaşını döydüyünü bildirib. Bundan sonra Xanım Məmmədova uşaqlarını da götürərək bibisigilə gedib.

 

İsmayıl Məmmədov deyir ki,  barışmaqda kömək göstərmələri məqsədilə qayınanası ilə danışanda o, Xanımın ondan “102”yə şikayət etdiyini deyib. İsmayıl isə buna inanmayıb:

 

Sentyabrın 30-da isə işə gedib növbətçi hissədən “Zəfər” modelli xidməti silahını götürərək xidmətə başlayıb. Xidmətdə olarkən 24-cü Polis Şöbəsinin təhqiqatçısı Füzuli Qurbanov ona zəng edərək şöbəyə dəvət edir. Bu zaman arvadının ondan həqiqətən də şikayət etdiyini anlayır.

 

24-cü Polis Şöbəsinə gedən İsmayıl Məmmədov şöbə rəisi tərəfindən qəbul olunur və şöbə rəisi Seymur Qarayev ona iradlarını bildirib.

 

İsmayıl Məmmədovun sözlərinə görə, Xanımla danışıb barışmaq istəsə də, o artıq gec olduğunu bildirib. Bundan əsəbiləşən İsmayıl Məmmədov xidməti tapançasından ard-arda Xanıma doğru bir neçə dəfə atəş açdığını qeyd edib.

 

Qeyd edək ki, İsmayıl Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.

 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR