Sosial şəbəkələrdə videosu yayılan müəllim APA TV-yə danışdı - “SƏN NECƏ DƏ GÖZƏLSƏN"

# 19:05
5 fevral 2022

Qısa zamanda sosial şəbəkələrdə yayılan, hər kəs tərəfindən bəyənilən və maraqla izlənilən bu videonun müəllifi Leyla Qarazadədir. Səmimi videoda görünür ki, ibtidai sinif müəlliməsi olan Leyla xanım şagirdlərə xoş sözlər deyərək, onlarda özünəinam hissini yaratmağa çalışır. Müəllimənin fikrinə görə, müəllimlərindən gördükləri tərif şagirdləri çox xoşbəxt edir və özünəgüvənməni formalaşdırır. Leylaya məşhurluq gətirən video həmçinin digər gənc müəllimlərə də ilham verib, onları ucqar dağ məktəblərində çalışmağa həvəsləndirib.

Gənc müəllim deyir ki, bunu etməkdə məqsədim onların xatirələrini yadda saxlamaqdır: “Məni ən çox kədərləndirən hallardan biri də buradakı şagirdlərin öz xatirələrini əbədiləşdirmək üçün valideynlərində bir telefon olmaması və onlarda bir xatirə olaraq məktəb illərinin şəklinin olmaması idi. Mən bu tərəfdən yola çıxdım və bir səhifə açmaq qərarına gəldim ki, gələcəkdə onlar özləri böyüyəndə özlərinə baxacaqlar və həm də bu digər müəllimlərə yardımcı yol, həm də istiqamət olacaqdır. Mən səhifə açmaq qərarına gəldim və öz gündəlik fəaliyyətlərimi bir neçəsini və yaxud da həftəlik fəaliyyətlərimi oraya yerləşdirdim. Beləliklə digər müəllimlərdən çox gözəl rəylər aldım və bu, onlara çox gözəl motivasiya oldu. Artıq mən sonuncu kurs tələbəsiyəm və müəllim olmağa qərar vermişdim, lakin ürəkdən istəmirdim. Artıq qərar verdim ki, tamamilə mən müəllim olacağam, sizin kimi olacam, belə fəaliyyətlər yerinə yetirəcəm" deyərək mənə geri dönüşlər edirdilər.

Jidi kəndi Lənkəranın şəhər mərkəzindən 45 km məsafədə yerləşir və ucqar dağ kəndlərindən biridir. Leyla Qarazadə isə rayonun Zövlə kənd sakinidir. 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin ibtidai sinif müəllimi fakültəsini bitirib. Bir il sonra isə MİQ imtahanının nəticələrinə görə yüksək balla Lənkəran rayon Jidi kənd ümumi orta məktəbinə ixtisası üzrə təyin olunub. 4 ildir ki, bu məktəbdə çalışan müəllimə böyük həvəs və sevgi ilə öz işini görür. Leyla müəllimənin məktəbə yaxınlaşması kifayət edir ki, şagirdləri qabağına qaçıb onu əhatələsinlər: “Mən özümə həm memar, həm həkim, həm müəllim deyirəm. Çünki, mən şagirdlərə gözəl bir gələcək inşa edirəm və onlara sağlam bir gələcək verirəm. Məncə ən gözəl peşələrdən biri də müəllim peşəsidir. Mən burada fəaliyyət göstərdiyim ildən etibarən dərslərimi fərqli üsullarla deməyi yoxlamışam və bu çox gözəl effekt verib. Bir dərs sayəsində həm əylənirik, həm məlumat əldə edirik, həm şagirdləri sosiallaşdırırıq, həm də birlikdə gözəl vaxt keçiririk.

Jidi kənd ümumi orta məktəbin direktoru Həzərxan Şiriyev dağ kəndinin özünün çətinlikləri var, amma biz çalışırıq ki, buna sinə gərək: “Şanslı insanlarıq ki, dövlətin və dövlətçiliyin məktəbə, təhsilə qayğısı çox yüksəkdir. Məktəbimizdə kifayət qədər potensiallı gənc kadrlar işləyir və hər birinin işindən razıyıq. Biz də onlara dəstək olmaq istəyirik. Əlbəttə, burada işləmək çox çətindir, xüsusilə xanım müəllimələr üçün çox çətindir. Bir az şərait baxımından və ya mərkəzə uzaqlığı baxımından, relyef baxımından. Biz çalışırıq ki, onlara dəstək olaq, onlar daha uzun müddət bizimlə işləsinlər, əməkdaşlıq etsinlər, təhsilin qayğısına qalsınlar. Kollektivdə demək olar ki, kifayət qədər gənc kadr var. O cümlədən Leyla müəllimə və digər rayonumuzun başqa kəndlərindən olan müəllimlər, eyni zamanda Salyandan, Mingəçevirdən müəllim və müəllimələrimiz var. Onlar da öz işlərinin öhdəsindən gələ bilirlər”. 

Uşaqlara təhsillə yanaşı əlbəttə ki, sevgi və qayğı da lazımdır. Fərqli dərs metodlarına üstünlük verən Leyla müəllimə bir neçə beynəlxalq layihələrə üzv olub və layihələrin müəllifi olaraq da fəaliyyət göstərir. eTwinning layihələrində Avropa keyfiyyət nişanı qazanıb. Leyla Qarayeva ötən il "Fərq yaradan gənc müəllim" müsabiqəsində iştirak edib və üç mərhələdən uğurla keçərək 440 müəllim arasından ilk onluğa düşüb. İstifadə etdiyi interaktiv üsullar şagirdlərin marağına səbəb olur, şagirdlər hər gün sevərək dərsdə iştirak edir və yeni məlumat öyrənməyə can atırlar. Şagirdlərinə bu cür sevgi və şəfqətlə dərs keçən Leyla müəlliməyə və onun timsalında bütün müqəddəs peşə sahiblərinə uğurlar diləyirik.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR