Su yox, yol yox, məktəb yox, örüş yox - Bu kənddə necə yaşayırlar?

# 14:49
13 avqust 2022

Göyçayın Qarabaqqal kəndində insanlar sosial problemlərdən əziyyət çəkir. 

APA TV  olaraq vətəndaşların müraciəti əsasında bu kənddə olduq. Kəndin məktəb, yol, içməli su və zibil poliqonu ilə bağlı dilə gətirdiklərindən də böyük problemləri olduğunun şahidi olduq. Problem əlindən boğaza yığılan camaat deyir ki, çoxsaylı alimlərin, incəsənət adamlarının, generalların orta təhsil aldığı kənd məktəbinin istismar müddətini başa vurub. Məktəbin pəncərələri, döşəməsi, tavanı, qapıları, sanitar qovşağı bərbad haldadır, sinif otaqlarında istilik sistemi yoxdur yağış yağdıqda dərs otaqları su altında qalır.

Narazı camaat deyir ki, “Nikolayın dövrü”ndə asfaltlanan kənd yolları artıq dağılıb, bərbad hala düşüb. Piyadalar və sürücülər yayda toz, qışda isə palçıq əlindən hərəkət edə bilmir. 
İçməli su sarıdan da əziyyət çəkən kənd sakinləri arx suyunu duruldaraq içdiklərini deyirlər. Sakinlərin sözlərinə görə, kənddə bir neçə il əvvəl su xətti çəkilib, yeni bulaqlar tikilsə də bu bulaqlardan hələ ki, su içən olmayıb. Camaat deyir ki, quruyan bu bulaqlardan oturmaq üçün skamya kimi istifadə edirlər. 

Qarabaqqal sakinlərinin üzləşdiyi ən böyük problemlərdən biri də kəndin ərazisində, mal-qaranın örüş yerində böyük zibil poliqonunun olmasıdır. Kənd sakinləri bildirir ki, rayon kommunal-təsərrüfat idarəsinin avtomobilləri hər gün bir neçə dəfə Qarabaqqal kəndinin ərazisinə, mal-qaranın örüş yerinə zibil və tullantıları daşıyaraq tökürlər. Təxminən 5 hektar ərazi zibilliyə çevrilib. Zibil poliqonu ilə bağlı həyəcan təbili çalan Qarabaqqal sakinləri tezliklə bu mövcud tullantıların torpaq altında məhv edilməsini və əraziyə zibil gətirilməsinin dayandırılmasını tələb edirlər. 
Bu qədər problemin qarşısında Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Nicat Mahmudov mikrofon önünə çıxmaq cəsarəti göstərdiyindən biz də bütün suallarımızı ona ünvanladıq. Soruşduq ki, ay müəllim bu qədər çox problemin içində boğulan camaatın səsinə niyə qulaq tıxamısınız? O da bir-bir bu və bir çox digər suallarımızı cavablandırıb, Qarabaqqal camaatına sözlər verdi.

İcra nümayəndəsinin sözlərinə inansaq qarşıdan gələn ilin əvvəlinə kimi Qarabaqqal camaatının su problemi həll olunacaq.       


Verilib icra edilməyən sözlərə vərdiş olan Qarabaqqal sakinləri bu sözlərdən də çox ümidli olmasalar da biz ümid edirik ki, bu sujetimizdən sonra cavabdeh qurumlar və rayon rəhbərliyi verilən sözləri tutacaq və bu kənd camaatını problemlərin ağuşundan alacaq.   
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR