Sumqayıtın "İnşaatçı" stadionunun son vəziyyəti

# 12:20
18 dekabr 2021

Bir vaxtlar səs-küylü, futbolçuların top qovduğu stadionda indi sakitlik hökm sürür.

APA TV-nin məlumatına görə, söhbət Sumqayıtın ilk arenası olan "İnşaatçı" stadionundan gedir.  Bu stadionda uzun illər müxtəlif futbol yarışları, eləcə də otüstü xokkey komandalarının oyunları keçirilib. İndi isə bu arena bərbad vəziyyətə düşüb.

Sumqayıtda 65 illik tarixi olan "İnşaatçı" stadionu uzun müddət bir çox komandalara qucaq açıb.

Hazırda isə stadion baxımsız vəziyyətdədir. Şəhərin ilk baş arenasının oturacaqları dağılıb, taxta örtükləri isə çıxarılıb. Digər yerlərdə də acınacaqlı vəziyyət hökm sürür. Həmçinin ot örtüyü də yararsız hala düşüb. Ətrafı kol-kos basıb. Hətta bura zibilliyə də çevrilib.

Bir vaxtlar 10 minə yaxın azarkeşin toplaşdığı tribunalar tamamilə dağılıb. Tribunalardan əlavə, stadionun ot örtüyü  və digər  avadanlıqları  da yararsız vəziyyətə düşüb. 

Gördüyünüz kimi, stadionun tribunasında da acınacaqlı vəziyyət hökm sürür, şüşə lövhələri çıxarılıb, özü isə tamamilə yararsız hala düşüb.

İndi buralar sanki daş qəbiristanlığını xatırladır. Stadionun projektorları da ömrünü çoxdan başa vurub.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin tabeliyində olan "İnşaatçı" stadionunun direktoru  Ramil Nərimanov deyir ki, burada son oyun 3 il bundan öncə keçirilib: “"İnşaatçı" stadionunda demək olar ki, oyunlar və məşqlər tam dayandırılıbdır. Axırıncı oyun-məşq 2018-ci ildə İOGİM-in öz idarəmizin məşq oyunları keçirilib.”

Stadionun təmirinə gəldikdə isə Ramil Nərimanov deyir ki, Dövlət proqramına salınıb. Nə vaxt təmir olacaq, onu biz də bilmirik.

İndi qalır stadionun təmir ediləcəyi günü gözləmək...

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR