Suqovuşanın işğaldan azad edilməsindən iki il ötür - Zəfər tariximiz

# 11:43
3 oktyabr 2022

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan ordusunun işğalından azad edilməsindən 2 il ötür.

 

APA TV-nin məlumatına görə, 2020-ci il Sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq, dövlət, ordu birliyindən yaranan “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona ağır məğlubiyyət yaşatdı.  Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu əməliyyat nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Axşam saatlarında Prezident İlham Əliyev bu xoş xəbəri "Twitter" səhifəsindən xalqımıza çatdırdı:

 

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı - Suqovuşan adı bərpa olundu.

 

Əməkdaşlarımız xalqımıza bu möhtəşəm Zəfəri bəxş edən Azərbaycan Ordusunun hərbi qulluqçularının bir neçəsi ilə elə Suqovuşanda həmsöhbət olub. Suqovuşan əməliyyatında iştirak edən əsgər və zabitlərimiz döyüşləri belə xatırlayırlar.

 

Gizir Qafar Qubadov vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq iştirak edib. O deyir ki, düşmənin 30 il  müddətində qurduğu mühəndis qurğularını yararaq torpaqlarımızı işğaldan azad etdik və mən bu döyüşlərdə iştirak etdiyim üçün çox qürurluyam.

 

Tankçı gizir Nəsimi Qafarov da Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Xeyli sayda düşmənin zirehli texnikasını içindəki şəxsi heyəti ilə birlikdə məhv edib.

 

Bütün ölkənin ürəyinin cəbhə ilə döyündüyü həmin gündən indiyə kimi Suqovuşanda çox şey dəyişib.  Burada olan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərlər üçün hər cür şərait yaradılıb. Və bu gün Suqovuşanda xidmət edən hərbi qulluqçular qəsəbədə şəhidlərin xatirəsinə inşa edilmiş abidəni ziyarət edir, önünə tər qərənfillər düzərək şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR