Suraxanıda tragikomik durum: Ev tikmək istədilər, başlarına gəlməyən qalmadı

# 20:00
12 aprel 2023

Daşınmaz əmlakın dövlət reyestrinin çıxarışında Hüseynov Rövşən Böyükağa oğluna məxsus torpaq sahəsinin ünvanı Hövsan qəsəbəsi, Elnur Şahbazov küçəsi, 1-ci döngə, 11A kimi qeyd olunsa da, Suraxanı rayon İcra Hakimiyyətinin sənədlərində torpağın Hövsan yox, Yeni Suraxanı qəsəbəsinin inzibati ərazisində yerləşdiyi göstərilir.

Bu cür tragikomik vəziyyətlə təkcə Rövşən Hüseynov deyil, Ruslan Bağırov adlı vətəndaş da üzləşib.

Buna görə də halal pulu ilə aldığı torpaq sahəsində ev tikmək arzuları ürəklərində qalıb. Hər iki vətəndaşa Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazinin tikinti sıxlığı əmsalı 0.6 metrdən az olduğuna görə ev tikintisinə icazə verilmir. Bu qərar isə qanunvericiliklə tənzimlənir. Ancaq sözügedən ərazidə çəkiliş aparərkən bu qanunun digər tikililərə şamil edilmədiyinin şahidi olduq. Nəinki evlər, hətta damları belə az qala bir-birinin içində idi.

İcra Hakimiyyətindən vətəndaşlara elektron formada bildirilib ki, qərardan narazı qaldıqları halda müvafiq məkhəmə instansiyasına müraciət edə bilərlər.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, rəhbərlik bu mövzuda müsahibə verməyi qadağan edib.

Sitat:“Siz yalnız adımızdan deyə bilərsiniz ki, vətəndaş Ruslan Bağırovun elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.1., 69.4., 69.5.2-1. maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü maddəsinin 4.13-cü bəndinin tələblərinə zidd hazırlanıb. Elə buna görə də RİH tərəfindən məhkəmədə iddia qaldırılıb. İşə məhkəmə müstəvisində baxıldığını nəzərə alaraq, sözügedən ərazidə hazırda tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmirik. O ki qaldı Rövşən Hüseynova, deyə bilərik ki, onun da elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi qanunvericiliyin yuxarıda sadaladığımız tələblərinə zidd hazırlanıb”. SİTATIN SONU

Bakı Memarlıq Layihələri Bürosunun baş memarı Rəşad Qasımlı isə təqdim etdikləri sənədlərin normativlərə tam cavab verdiyini, Suraxanı rayon İcra Hakimiyyətinin arqumentlərinin əsassız olduğunu bildirib.

Maraqlıdır ki, haradasa daşı-daş üstünə qoyanda icra hakimiyyətlərinin əməkdaşları az qala özlərini quş dimdiyində əraziyə yetirirlər. Amma sözügedən ərazidə bir-birinin içində bu qədər ev tikilib, Suraxanı rayon İcra Hakimiyyəti qanunları indi yadına salıb, qadağa qoymağa çalışır. Bəs ev tikmək üçün qanunsuz hesab etdikləri bu torpaqların satışı həyata keçiriləndə nə işlə məşğul idilər? Kağız məmulatlarından hazırlanan başqa maraqlı nəyə baxdılar ki, qanuna baxmadılar?  Bu kimi suallar çoxdur. Amma özləri demiş, “rəhbərlik televiziyalara müsahibə verməyi qadağan edib” deyə, normal cavab da ala bilmirik.

Bir zəhmət, rəhbərliyinizə deyin, bu cür qəti qadağaları jurnalistlərə deyil, qanunsuz satışı həyata keçirənlərə tətbiq etsin ki, sonradan bu xalqın heç bir nümayəndəsinin arzuları havada qalmasın.

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR