Sürət yüksək olanda cərimə yazılır, bəs aşağı olanda?

# 16:09
18 avqust 2022

 

Sürücülər arasında yüksək sürətə görə cərimələnməyənlərə nadir hallarda rast gələrik. Bu, çox sürücünün bildiyi və bildiyi halda pozduğu yol hərəkəti qaydasıdır. Yaxşı, bəs minimum sürət həddi? Nə qədər qəribə səslənsə də, belə bir problem də var. Avtomobili yol nişanlarında göstərilən normadan qat-qat aşağı sürətdə sürürsən, nəticədə qəza şəraiti yaranır. Ya da “ötmək qadağandır” nişanı qoyulmuş maksimum sürət həddi 110 km\saat olan yolda 60 km\saatla gedən biri arxasınca gələnlər üçün əməlli-başlı dərdə çevrilir. Bəs belə hallarda hansısa cəza nəzərdə tutulurmu? Ümumuiyyətlə, sürət həddi nəyə əsasən müəyyən edilir? Minimum sürətin tənzimlənə bilməməsinin səbəbi nədir? Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, ölkəmizdə sürət həddi 3 qrupa bölünür: “Yaşayış məntəqəsi, yaşayış məskəni və yaşayış məskənindən kənar. 4-cü yeni qrup avtomagistral anlayışıdır ki, bu yollar yaşayış məntəqəsindəki heç bir yolla kəsişmir. Biz görürük ki, bəzən yük maşını daha sürətli zolağa keçir, avtobuslar da onun kimi. Və nəticədə nə qədər qəzaların şahidi oluruq. Amma belə yollarda əksər hallarda qəzalara səbəb bəzi sürücülərin aşağı sürətlə hərəkət etməsidir. Çox təəssüf, qanunvericilikdə bu, hələ ki, tənzimlənə bilmir. Çünki bunu qeydə ala bilən xüsusi texniki vasitələr hələ ki, yoxdur. Olan radardır, radar da sürət həddini aşmağı qeydə ala bilir. Təyin olunmuş sürətdən aşağı sürətlə hətəkətə görə həm məsuliyyət yoxdur, həm də xüsusi avadanlıq yoxdur ki, bunu qeydə alsın və ya hansısa formada bunu tənzimləsin”. Sürət nişanına uyğun hərəkət edən avtomobil daha yavaş hərəkət edən avtomobilə yaxınlaşanda istər-istəməz təhlükəli vəziyyət yaranır. Bu məqmda sürücü ani olaraq sürəti tənzimləyə bilməsə, qəza qaçınılmaz olur. Bəs belə vəziyyətdə günahkar kimdi? Bəs minimum sürət həddi ilə bağlı hansısa tənbeh tədbiri və ya cərimə tətbiq edilirmi? Gələcəkdə bu problemin həlli üçün hansısa dəyişikliklər nəzərdə tutulubmu? Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi Araz Əsgərli də İnzibati Xətalar Məcəlləsində minimum sürət həddinə görə hansısa tənbeh tədbirinin olmadığını qeyd etdi: “Hərəkət sürəti aşılmır, əksinə, nəqliyyat vasitəsi 100 km/saat yolda 60 km/saatla hərəkət edirsə, bununla bağlı hansısa inzibati tənbeh nəzərdə tutulmayıb. Yol hərəkəti qanununda sadəcə olaraq deyilir ki, hərəkət sürətli yollarda kənd təsərrüfatı texnikası, yük avtomobilləri yolun sağ istiqamətində hərəkət etməli, digər nəqliyyat vasitələrinin fasiləsizliyi təmin edilməlidi və əgər hər hansısa bir avtomobil karvanı yığışıb arxasında qalıbsa bu cür nəqliyyat vasitələrinin sahibləri maksimum yol verməli, yol verə bilmirsə avtomobili sağa çəkib digər nəqliyyat vasitələrinin keçməsi üçün şərait yaratmalıdır. Qanunvericilikdə gələcəkdə, təbii ki, belə bir məsələnin nəzərə alınması üçün yol hərəkəti haqqında qanun dəyişdirilməlidir. Mən hazırda belə bir dəyişikliyin olacağı barədə məlumatsızam”. Görünən odur ki, maksimum sürət həddindən fərqli olaraq, minimum sürət həddi çox vaxt sürücünün vicdanınına qalır. Məhz buna görə də sürücülər yol nəqliyyat qanunlarıyla bərabər, şəxsi məsuliyyətlərinin də fərqində olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR