Şuşa diplomatik mərkəz rolunda çıxış edir - Hikmət Hacıyev

# 14:03
18 mart 2022

Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir.

 

APA TV xəbər verir ki, toplantıda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan BMT Nizamnaməsinin də əsas götürdüyü beynəlxalq hüququn prinsiplərini dəstəkləyir və BMT-nin sülhməramlı missiyalarına töhfə verib.

 

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin humanitar fəaliyyətinə fəal dəstək verir, bir çox təşəbbüslərlə çıxış edir: “Azərbaycan və BMT əməkdaşlığının parlaq gələcəyi var. Bəzən BMT tənqid olunur. Amma unutmayaq ki, üzv ölkələr bu təşkilat qarşısında öz öhdəliklərinə əməl etməlidir. Bütün ölkələr BMT Nizamnaməsi ilə bağlı öhdəlikləri yerinə yetirməlidir”, - deyə Hikmət Hacıyev qeyd edib.

 

Prezidentin köməkçisi Ermənistanın 30 ilə yaxın müddətdə BMT qarşısındakı öhdəliklərinə əməl etmədiyini də xatırladıb.

 

Xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, BMT ilə münasibətlərə həsr olunmuş tədbirin Şuşada keçirilməsi rəmzi məna daşıyır.

 

XİN başçısı qeyd edib ki, müxtəlif panellərdən ibarət olan bu konfrans çox önəmli mövzuların müzakirəsi üçün platforma olacaq

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva isə qeyd edib ki, Azərbaycanla-BMT-nin 4 istiqamət üzrə fəaliyyət planını təsdiqlədiyini vurğulayıb.

 

Qeyd edək ki, toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək. İkinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR