Şuşa sakini: “İlk dəfə Şuşanı görəndə...”

# 13:58
17 sentyabr 2021

Doğulduğun torpaq düşmən tapdağından azaddır və sən orda yaşamağa başlayırsan. Bu sevinc elə azadlığın xəbəri qədər qürurludur.

 

APA TV xəbər verir ki, indi Şuşa abadlaşır, yenilənir, tarixi qorunub saxlanılmaqla müasirləşir. Şuşa ziyarətimizdə bu dəfə ilk olaraq Şuşalılarla görüşmək arzusundaydım. Bu arzumu Şuşaya 3-cü səfərimdə gerçəkləşdirdim.

 

Şuşa sakini Rəhman Kərimov deyir ki, Şuşa mənim döyünən ürəyimdir: “Bura könüllü işləməyə gəlmişəm. Allah Prezidentimizə can sağlığı versin, bu günü bizə yaşatdı. Könüllüyəm. Şuşa polisində su maşını sürürəm. İlk dəfə Şuşanı görəndə maşından düşüb ağladım. 29 ildən sonra gəlmişdim. 24 yaşında getmişəm burdan. Şuşanı internetdən izləyirdim. Deyirdim bizim torpaqlarda ermənilər niyə gəzməlidir ki... Şükür bu günümüzə, qeyrətimiz, namusumuz qayıtdı. 30, 29 yaşlarında övladlarım var. Gətirdim gördülər”.

 

Bakıya ayda bir dəfə getdiyini deyir, Rəhman qardaş, amma qala bilmir. “Şuşanın varlığını bilirəm” deyən həmsöhbətim doğma torpağından bir an belə ayrılmaq istəmir: “3 gün belə qala bilmirəm. Ən böyük arzum Şuşanı görmək idi. Bu arzuma çatdım. Ölsəm dərdim olmaz. Bundan sonra Şuşa daha gözəl olacaq. Bilirsiniz necə qurulur? Hamı çalışır ki, yaxşı olsun. İndi bir arzum da var. Şuşa abadlaşsın, sizi evimizə qonaq çağıraq”.

 

Bax belə Şuşaya üçüncü gəlişim bu gün yekunlaşdı. Bizə verilən 6 saatlıq vaxt ərzində çalışdıq ki, gördüklərimizi sizə də göstərək. Şuşa ilə hər görüş bir tarixdir. Bu tarixi yaşamaq xoşbəxtliyini hər birinizə arzu edirik. Salamat qal Şuşa, yenidən görüşmək diləyi ilə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR