Tanınmış jurnalist Məzahir Süleymanzadə vəfat edib

# 13:18
11 may 2022

Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi və baş redaktoru olmuş Məzahir Süleymanzadə vəfat edib.

 

Bu barədə APA-ya mərhumun qardaşı Mahir Süleymanov məlumat verib.

 

Məzahir Süleymanzadə mayın 10-da 70 yaşında dünyasını dəyişib.

 

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb.

 

“Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edib.

 

Məzahir Süleymanzadə, həmçinin, çoxsaylı kitabların müəllifidir.

 

1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçinin “Araz” Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

 

Məzahir Süleymanzadə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR