TDT-nin Audiovizual Tənzimləyici Orqanlarının Forumu yaradılacaq

# 17:46
27 oktyabr 2022

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı keçirilib.

 

APA TV xəbər verir ki, toplantı Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən təşkil olunub.

 

TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin, müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanması olub.

 

Tədbirdə çıxış edən Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) başqanı Əbubəkir Şahin toplantının gələn il Türkiyədə keçirilməsini təklif edib.

 

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov isə bildirib ki, gələcəkdə türkdilli dövlətlərin birgə kanalı Azərbaycanda da fəaliyyət göstərə bilər.

 

Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov isə bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumu yaradılacaq.

 

Tədbirdə o da  qeyd olunub ki, media sahəsində əməkdaşlıq dövlətlərimizdə baş verən hadisələr barədə geniş ictimaiyyətə düzgün məlumat çatdırmağa xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR