Tənha qadının evindən oğurluq edən keçmiş məhkumlar tutuldu

# 17:19
25 may 2021

Gəncədə məhbəs yoldaşları tənha qadının evinə daxil olaraq, oradan külli miqdarda oğurluq ediblər.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisənin üstünü Gəncə Şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin əməkdaşları açıblar.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər ərazisində vətəndaşa məxsus mənzili soyanlar əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini İsmayıl Bağırov və paytaxt sakini Zaur Cəfərovdur.

 

Hadisənin isə maraqlı tarixçəsi olub. Belə ki, keçmişdə məhkum yoldaşı olan İsmayıl və Zaur Bakıda təsadüfən qarşılaşıblar. Zaur Cəfərov anasının xəstə olduğunu, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu deyib. İsmayıl Bağırov isə “kömək əlini” özünəməxsus şəkildə uzadıb və Gəncədə qonşuluğunda tənha qadının yaşadığını, həftə sonları evdə olmadığını deyib. Beləcə, “dostlar” Bakıda plan qurub Gəncəyə oğurluğa gəliblər. 

 

Anasının xəstə olduğunu uyduran Zaur Cəfərovun bəlkə də anası yaşda olan qadının evindən ələ keçirdiyi qənimət 200 manat nağd pul və 18 000 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları olub. 

 

Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Fuad Hüseynov,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR