Tibbi avadanlıqlar ölüm maşınına çevrilir?

# 10:00
21 aprel 2023

Zaman-zaman səhv diaqnozların qoyulması faktları ilə qarşılaşırıq. Diaqnozların səhv qoyulması halları həm həkimlərdən, həm də tibbi avadanlıqların nasazlığından qaynaqlana bilər.

Həkim-radioloq Aydın Əliyev tibb müəssisələrindəki avadanlıqlara nəzarət sahəsində problemlərin olduğunu deyib.

“Tibbi avadanlıqların nasazlığı səbəbindən yalnış diaqnozlar ola bilir. Cihazın işləməməsi səbəbindən yalnış diaqnozun qoyulması məsələsi professional yanaşma tələb edir. Bütün tibbi cihazların vaxtaşırı texniki baxışı olmalıdır. Təbiidir ki, rəsmi qurumlar avadanlıqlıqları yoxlayıb işləkliyi haqqında sənəd təqdim etməlidirlər”.

Aydın Əliyev tibbi avadanlıqlara nəzarətlə bağlı mütəxəssis çatışmazlığından da danışıb. Həkim-radioloq qeyd edib ki, mütəxəssis az olduğuna görə, bəzən klinika həftələrlə, hətta aylarla cihazın təmirini gözləməli olur.

“Tibbi cihazlara texniki xidmət məsələsində həmişə axsamalar olub. Çünki bu sahədə mütəxəssislər azdır. İstər özəl, istər dövlət tibb müəssisələrində cihazlara nəzarət edən mühəndislər olmalıdır. Cihazlar xarab olduqda problemlər yaranır”.

Psixoloq Fərqanə Mehmanqızı səhv diaqnoz qoyulması hallarının insan psixologiyasına da mənfi təsirlərinin olduğunu qeyd edib.

“İnsanlar özlərini daha özəl hiss etmək üçün bəzən özəl klinikalara müraciət edirlər. Amma burada da həkim və ya cihaz səhvi ola bilir. Belə olan halda insanlarda şüuraltı güvənsizlik yaranır. Bu zaman həm də deprassiya halları yaranmış olur. Bu xroniki hal aldığı zaman nevroza səbəb ola bilir”.

Hüquqşünas Şamil Paşayev diaqnozların səhv qoyulması faktlarına görə cinayət məsuliyyətinin yarandığı diqqətə çatdırıb.

“Tibb müəssisələrində diaqnostika aparatlarının düzgün işləməsinə nəzarət olunmalıdır. Bu avadanlıqların nasazlığı ilə əlaqədar səhv qoyulan diaqnoz şəxsin ölümünə səbəb olduqda ehtiyatsızlıqdan adam öldürmə kimi məsuliyyət yaradır. Vətəndaşlar səhv müalicə nəticəsində sağlamlıqlarına zərər dəydikdə bununla bağlı həm həkimi, həm klinikanı məhkəməyə verib təzminat ala bilərlər“.

TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova tibb müəssisələrindəki avadanlıqlara nəzarət bağlı yaranan sualları belə cavablandırıb.

“TƏBİB-in tabeliyində olan tibb müəssisələrində mütəmadi monitorinq aparılır, cihazlar yoxlanılır. Normalara uyğun olmayan avadanlıqların istifadəsi dayandırılır”.

Zamirə Ədilova pasiyentə səhv diaqnoz qoyulduğu təqdirdə TƏBİB-ə müraciət edilərsə, araşdırma başladıldığını da qeyd edib.

İstər həkim səhvi, istərsə də hansısa tibbi avadanlığın nasazlığı səbəbindən yanlış diaqnozların qoyulması halları təəssüf ki, ola bilir. Əsas olan belə vəziyyətdə ruhdan düşməməyə çalışmaqdır. Ən yaxşısı isə xəstələnməyib sağlam qalmaqdır. Sağlam olun!

 

ORXAN ASLAN

HƏZRƏT BAYRAMLI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR