“Torpaqlarımıza ayağım dəyəndə ağlamışam” - MÜHARİBƏ İŞTİRAKÇILARI DÖYÜŞLƏRDƏN DANIŞIR

# 11:06
1 dekabr 2021

Bütün torpaqlarımız müqəddəsdir, o cümlədən də Qubadlı rayonu. Ötən ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın düşməndən azad edilməsi, həmin istiqamətdə işğalçılara sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonu istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Nəticədə xalqımız 2020-ci il oktyabr ayının 25-də şanlı bayrağımızın Qubadlıda dalğalanması və qəhrəman hərbçilərimizin şəhərin işğaldan azad olunmasının Ali Baş Komandan, Prezident İlham Əliyevə məruzə etməsinin şahidi oldu.

 

Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Çünki məhz Qubadlı işğaldan azad olunandan sonra Laçının cənub hissəsində yerləşən kəndləri azad edib, Laçın dəhlizini nəzarətə götürdük. Bu isə müharibənin taleyinin həll edilməsi demək idi.

 

Elə hərbçilərlə Qubadlıda görüşməyimizin məqsədi də həmin döyüşlər barədə onların təəssüratlarını öyrənmək idi:

 

Vətən Müharibəsində əldə etdiyimiz zəfərin izi ilə bu gün Qubadlıdayıq. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərimiz çərçivəsində Qubadlının azadlığı uğrunda qazanılan qələbəmizdə rolu olan və hazırda ərazidə xidmət edən, döyüşlərdə fərqlənmiş xüsusi təyinatlılarımızla görüşdük. İlkin Məmmədovda döyüşlərdə fərqlənmiş qəhrəmanlarımızdır: “Müzəffər Azərbaycan ordusunda xidmət etdiyim üçün qürurluyam. Bir də ona görə qürurluyam ki, Zəfərin qazanılmasında az da olsa mənim də qatqım var. Biz döyüşə girəndə şəhid olmağı, qazi olmağı gözə alıb girmişdik. Amma geri çəkilməyəcəkdik. Azərbaycan Ordusunu qələbəyə iki əsas qüvvə apardı. Biri cənab Ali Baş Komandanımız,  ikincisi xalqımız! Azərbaycan Ordusunda 6 ildir xidmət edirəm. Baxmayaraq ki, özüm də xidmətdəyəm amma müharibə zamanı bir daha isbat etdik ki, doğrudan da güclü ordumuz var. Ermənistan Azərbaycanın gücünü bu dəfə daha yaxşı gördü və inanmıram ki, məhz bundan sonra nəyəsə cəhd edə bilsinlər. Onlar təxribatçı ölkədir, biz bunu danmırıq, amma bu gün də bizim təlimlərimiz, kurslarımız davam edir. Hər an hər şeyə hazırıq!”

 

37 yaşlı qəhrəmanımız Səxavət Babayevin də əldə etdiyimiz zəfərdə öz payı var: “Sentyabrın 27-də bizə əmr gəldi, döyüş əmri. Biz bu anı hansı ki 29 ildir gözləyirdik. Cənab Ali Baş Komandanımız əmr etdi və biz döyüşə başladıq. Füzuli istiqamətindən döyüşə-döyüşə, ermənini əzə-əzə bu yerlərə qədər yol gəldik. Birinci Qarabağ müharibəsi başlayanda mən uşaq idim. Mən bu yerlər haqqında məktəbdə oxumuşdum. Bu ağrıyla böyümüşdüm. İndi xoşbəxtəm ki, 2014-cü ildən Azərbaycan Ordusunun sıralarına daxil oldum. 2016-cı il döyüşlərinə qatıldım. Aprel döyüşlərinin iştirakçısıyam. Vətən Müharibəsi başlayanda döyüşlərə qürurla girdik, bu dəfə Aprel döyüşlərindən daha yaxşı hazırlaşdıq. Biz bu müharibəni güclü Ali Baş Komandanımız olduğu üçün, güclü zabit heyətimiz olduğu üçün qazandıq və bu gün Qubadlıdayıq. Öz torpaqlarımıza ayağım dəyəndə ağlamışam. Şükür edirəm ki, öz torpaqlarımızdayıq!”

 

“Vətən sizə əmanət!”

 

Sevinc Vaqifqızı,

Ziya Allahyarov,

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR