Tovuzda polis polkovniki qəza törətdi
Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən rayonun Dondar Quşçu kənd sakini 26 yaşlı Samir Sadıqovu vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində keçinib. Araşdırma zamanı qəzanı polis əməkdaşının törətdiyi məlum olub. Hadisə Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov "KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən baş verib. Faktla bağlı araşdırma aparılır.