Türk ölkələrinin yaxınlaşması nədən xəbər verir: Turan qurulur? - APA TV

# 19:50
17 oktyabr 2022

İkinci Qarabağ savaşından sonra Türk dövlətləri arasında uzun illərdir müşahidə edilməyən yaxınlaşma hiss olunur. Türkiyə-Azərbaycan birliyi eyni soydan gələn ölkələri ətrafına toplayır, Türk Dövlətlər Təşkilatı genişlənir, daha aktiv hala gəlir.

Son illər türk dövlətləri başçılarının artan qarşılıqlı səfərləri, ölkələr arasındakı anlaşılmazlıqların rahatlıqla aradan qaldırılması, iki və çoxtərəfli sazişlərin imzalanması kimi amilləri bu yaxınlaşmanın əsas göstəriciləri saymaq olar.

Bütün bunların fonunda isə bir sual meydana çıxır: Turan qurulurmu?

Bununla bağlı mütəxəssislərin fərqli düşüncələri var. Biz də düşündük ki, Bakı sakinlərinin fikirlərini öyrənək. Həmin sorğunu təqdim edirik:

 

- Mənə elə gəlir ki, Cənab Prezidentimizin, Türkiyə Cümhuriyyətinin başqanı Ərdoğanın, Orta Asya Cümhuriyyətlərinin yaxınlaşması Türk birliyinə doğru çox ciddi addımlardır. Və Türk dünyasının əbədi arzusunun Turana doğru uğurlu bir addımdır. Mən ümid edirəm ki, yaxın gələcəkdə bizim bu arzumuz həyata keçəcək.

 

- Türk, Turan birliyinə inanıram. Müstəqilliyimizin, türkçülüyümüzün, azərbaycançılığımızın qorunmasında Turan Birliyini əsas tuturam. Bunu arzulayır, bu gələcəyi gözləyirəm. Turan İmperiyasının, Turan ordusunun qurulmasına inanıram. Və gələcəyimizi bunda görürəm.

 

- Məncə türk dövlətlərinin birləşməsi çox da uzaqda deyil. Hətta Avropa Birliyindən daha güclü vəziyyətə gələcək. Ümumiyyətlə tarixdə, eramızdan əvvələ qədər türklər dünyaya hökm ediblər. Turan dövləti çox keçmədən, təxmini 10-15 ilə türk dövlətləri birləşəcək.

 

- Türk dünyası birliyinin yaranması perspektivinin türk toplumlarının mental proqresi ilə əlaqələndirirəm. Türk gəncliyinin türklüyünü dərk etdiyi ehtimalda bunun tarixini, etnik köklərini anladığı ehtimalda qurulacağına inanıram.

 

- Məncə bu yolda addımlar atılır. Müsbət qiymətləndirirəm. Müsəlman ölkələrinin həm birlik, həm güclənməsi baxımından əməkdaşlığı baxımından yüksək təşəbbüslər atılır.

 

- Bundan sonra türklərin bir arada olacağına ürəkdən, qəlbən inanıram, olmasını da istəyirəm.

 

- Türk dilli xalqlar arasında bu addımlar atılır. Qurulmasının müsbət cəhətləri bütün türkdilli xalqlar üçün yaxşı olar, çünki birləşmə yaxşı şeydir. Necə deyərlər tək əldən səs çıxmaz.

 

- Biz türk millətiyik, hərşey ola bilər.

 

- Turan birliyini müsbət qarşılayırıq, türk dövlətlərinin birliyidir, bizdə türk dövlətiyik.

 

- İnanıram və istəyərəm gerçəkləşsin. Bu həm dostluq, həm də birləşmə cəhətdən çox yaxşı olar.

 

Sorğularımızda müşahidə etdik ki, Bakı sakinləri Turan elinin birləşməsinin lazımlığını bildirdilər.

Fidan Etibarıqızı

Fariz Quliyev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR