“Türk Şurası Qarabağ zəfərindən sonra siyasi fəaliyyətdə güc mərkəzinə çevrildi”

# 21:04
12 noyabr 2021

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü baş tutub.

 

APA TV xəbər verir ki, bu görüşdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Macarıstan ölkələrinin liderləri və hökumət nümayəndələri iştirak ediblər.

 

Beynəlxalq araşdırmaçılar türk dövlətlərinin ittifaqının dünyada mövcud olan birliklər sırasında layiqli yerini tutduğunu bildirirlər. Coğrafiyası genişlənən Türk Şurasının məhz Azərbaycanın sədrliyi dövründə beynəlxalq nüfuzunun artırılması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi artıq danılmaz faktdır.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində Azərbaycanın rolu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bu təşkilat lider güc səviyyəsində daha da qabarıq görünəcək. O əlavə edib ki, artıq türk dövlətləri problemlərlə bağlı bir-birinə dəstək verəcək: “Təşkilatın Azərbaycanda, Naxçıvanda təsis olunması çox böyük tarixi əhəmiyyət daşıyır. Yəni Naxçıvanın türk dünyasının öncül bir cinahı və düşmənlərə mesaj baxımından faydalı idi. Və bu Türk dünyasının Naxçıvan üzərində həssaslığını göstərən bir amildir. Təşkilatın Qurulmasında Azərbaycanın həmsədri olması bu qurumun ibtidaisinin doğru qurulmasına şərait yaratdı. Və son dönəmdə Azərbaycanın həmsədrlik etməsi daha uğurlu oldu. Həm Qarabağ savaşında zəfərlə yekunlaşdı, həm də Pandemiya dövründə türk dünyası ölkələrinin əlaqələndirməsi baş tutdu. Ən böyük uğurlardan biri də Macarıstanın Avropa birliyi ölkəsi kimi Şuraya müşahidəçi kimi cəlb olunması və Türkmənistanın tam şəkildə üzvlüyə qəbul olunmasıdır. Bununla da artıq şura beynəlxalq təşkilata çevrildi. Və bunun nəticəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özünü yeni güc mərkəzi kimi qəbul etdirəcək. Zəngəzur dəhlizinin açılması ilə bu proses daha da qabarıq görünəcək. Ona görə də burada Azərbaycanın təşəbbüskarlığının rolu var və bu qiymətləndirilməlidir”.

 

Türk Şurasının Qarabağ zəfərindən sonra siyasi fəaliyyətdə güc mərkəzinə çevrildiyini də qeyd edən deputat onu da əlavə edib ki, KTMT, MDB, ATƏT, Avropa Şurası və bütün siyasi platformalarda Azərbaycanın mövqeyi dəstəklənəcək.

 

Siyasi şərhçi Turab Rzayev isə açıqlamasında Şuranın yaranmasında və sonrakı fəaliyyətlərində  Azərbaycanın rolunu böyük olduğunu bildirib. O qeyd edib ki, Qarabağ müharibəsində sonra Türkiyə və Azərbaycan birliyinin güclənməsinə şahid olan digər dövlətlər də bu təşkilat haqda daha da maraqlanmağa başladılar və Türkiyə ilə Mərkəzi Asiya ölkələri ortaq hərbi müqavilələr də bağladılar: “Bu gündən etibarən Türki Şurası Türk Dövlətləri Təşkilatı adlanacaq. Bu təşkilatın ərsəyə gətirilməsində xüsusi rolu olub. Şuranın yaradılmasında dönəmin Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyevin xüsusi rolu olub. Hətta bəzi Orta Asiya ölkə rəhbərləri bu Türk Şurasının nə olduğu sualını vermişdilər. Və bildirmişdilər ki, biz bunu başa düşmürük amma sırf ağsaqqal Heydər Əliyev dəvət etdiyinə görə iştirak edirik. Amma zaman göstərdi ki, bu çox düzgün təməllərə əsaslanmış atılmış addım idi. Və Türk Şurasının əsas aparıcı qüvvəsi məhz Azərbaycan və Türkiyə olub. Hətta bu Şurada Avropa ölkəsi olan Macar qardaşlarımızın rolu bəzi orta Asiya ölkələrindən daha aktiv olub. Hal-hazırda isə ümumi dünyada bu təşkilatın quruluşu və funksiyaları ilə bağlı keyfiyyət dəyişikliyi baş verir. Uzun illər bu təşkilat siyasi proseslərə qarışmayan və daha çox mədəni, sosial daha yüngül inteqrasiya ilə məşğul idi. Sırf Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji əlaqələrin koordinasiyası digər ölkələri də təşkilat haqda yaxından maraqlanmağa sövq etdi”.

 

Siyasi şərhçi Turab Rzayev onu da əlavə edib ki, təşkilata üzv ölkələr daha da artacaq, üstəlik, Pakistan və Əfqanıstanın da üzv olması gözləniləndi.

 

Türk Şurası və ya Türk Gənəşi 3 oktyabr Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş təşkilatdır. Xatırladaq ki, İstanbul Zirvə Görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı ilə əvəzlənib.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR