Türkiyədən gələn ön cəbhədəki könüllü cərrah: “Müharibədə heç zaman unutmayacağım anlar yaşadım”

# 18:53
8 noyabr 2021

Peşələrinin necə müqəddəs, nə qədər ali olduqlarını onlar Vətən müharibəsində bir daha sübut etdilər. “Müsəlləh əsgərik” deyib könüllü cəbhəyə yollanmağı, ölüm-dirim savaşında hərbçilərimizlə çiyin-çiyinə olmağı özlərinə borc bildilər. Ailəsinin, doğmalarının onlara ehtiyacına rəğmən, müharibənin cəsur simalarına çevrildilər.

Müharibə başlayan ilk gündən Türkiyədə çalışan həkimlərimizin, ixtisasartırma və rezidenturada təhsil alan gənc tibb mütəxəssislərimizin 68-i, eləcə də Ankaradakı Sağlıq Bilimləri Universitetinin (SBU) Gülhanə Tibb fakültəsinin yetirməsi olan 30 hərbi həkim könülllü Azərbaycanda hərbi xəstəxanalarda çalışdılar.

68 həkimin Azərbaycana könüllü olaraq getməsi Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin apardığı kampaniya əsasında baş tutub. Dərnəyin sədri, Ankara Şəhər Xəstəxanasının ürək-damar cərrahı Fərid Qasımzadə deyir ki, keçən il müharibə başlayan ilk günlərdən etibarən həm həmkarları, həm də bu ölkədəki  iş adamları ilə birgə və Azərbaycanın Ankaradakı Səfirliyinin dəstəyi ilə müharibə bölgələrinə könüllü həkimlərin getməsi üçün kampaniya başladılıb: “İnternet üzərindən bu kampaniyanı açıq elan etmişdik. İlk gündən həm könüllü həkimlər, həm də tibbi ləvazimat, cərrahi alətlərin bölgəyə çatdırılması üçün tədbirlərə başladıq”.

Türkiyədən göndərilən tibbi ləvazimat təchizatının 3-4 milyon Türk lirəsi civarında olduğunu vurğulayan Fərid Qasımzadə bu məsələdə Amerikadakı və Almaniyadakı həkimlər dərnəyinin rol oynadığını da bildirir: “Amerika və almaniyadakı həkim həmyerlilərimizin də həkimlərin də maddi dəstəyini vurğulamaq yerinə düşər. Bununla da biz bütün dünyadakı həkimlərimizlə müharibə sayəsində birləşmiş olduq və gücümüzü ortaya qoymağı bacardıq”.

Türkiyədən Azərbaycana gedən könüllü həkimlərin ilk təşəbbüskarlarından olan tibbi xidmət üzrə mayor, Gülhanə Təhsil və Araşdırma xəstəxanasının cərrahı, hərbi həkim, mayor Anar Aslanov isə deyir ki, müharibə başlayan ilk gün Azərbaycanın Türkiyədəki hərbi attaşesinə telefonla zəng edərək bir qrup həkimin Azərbaycana dəstəyə getmək istədiklərini  bildirib: “Bir gün öncəsindən də danışmışdıq ki, belə bir ehtimal olduğu halda təhsilimiz dondurulub, geri çağırılmamız mümkün ola bilər. 27-si günü bir saatdan sonra Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin planlaşma şöbəsini  telefonla arayıb məqsədimizi bildirdik. Çünki hərbi həkim olduğumuz üçün bizə rəsmi olaraq əmr gəlməliydi. Cavab aldıq ki, hələlik bizə ehtiyac yoxdur, çünki sıravi həkimlərdən də müraciət edənlər çox var. Ondan sonra 28-i biz rəsmi olaraq raportla müraciət etdik, bir-iki günlük isrardan sonra nəhayət razılıq ala bildik. Biz zaman itkisi olmasın deyə olduğumuz şöbələrdən məzuniyyət götürərək, öncə bizim qrup olmaqla, iki qrupla Bakıya getdik. Bakıda hərbi hospitalda da Türkiyədən qayıdan bütün hərbi həkimlər toplandı”.

Bakıda MN-nin Tibb Baş İdarəsi tərəfindən bölgü aparılaraq 4 qrup ayrılıb. Bir qrup Bakıda yerləşən hərbi hospitala, bir qrup Gəncə hərbi xəstəxanasına, digər iki qrup isə Ağdam və Füzuli hərbi xəstəxanasında ön cəbhəyə göndərilib: “Mənim düşdüyüm istiqamət Füzuli hərbi xəstəxanası idi, sonra müharibənin hücum xətti cənub cəbhəsi üzrə getdiyinə görə, əsas əməliyyatlar bizim hospital oldu. Bir müddət sonra Füzuli hospitalı iki hissəyə bölündü, digər hissə Cəbrayılın Daşkəsən kəndindəki tibb  məntəqəsi oldu, orada hərbi xəstəxana  fəaliyyətə açdıq və cərrahlıq vəzifəsini də mənə həvalə etdilər.  Daşkəsəndə şəraitimiz çox çətin idi, həm də yaralıların vəziyyəti çox ağır olurdu, amma öhdəsindən gəlirdik. Orada sadəcə Türkiyədən gedən həkimlər deyildi, Azərbaycandan olan hərbi həkimlər də vardı. Çoxu gənc idi, hələ rezidentura təhsili alırdılar, amma həqiqətən hər biri peşəkar, qocaman professor həkim  qədər iş görürdülər”.

Deyir ki, onlar gecə-gündüz, bütün səmimiyyətləri ilə, enerjiləri ilə, əlindən gələni etməklə kifayətlənmir, daha artığını etməyə çalışırdı: “İki həftə orada işlədik. Bizim şanlı ordu Şuşa istiqamətinə hərəkət keçdikdən sonra biz artıq cəbhədə bir az geridə qaldıq. Oktyabrın 31-i, noyabrın 1-i tarixlərində Hadruta getdik. Qadın doğum xəstəxanasını əməliyyat üçün hazırladıq. Müharibənin son 10 günü o xəstəxanada əməliyyat üçün çox yaxşı şərait qurduq. Bu xəstəxana  Qarabağda  ilk fəaliyyətə başlayan  tibb müəssisəsi  olaraq tarixə düşdü.  Həm Şuşanın işğaldan azad olunması, həm düşmənin məğlubiyyəti  qəbul edib sülh anlaşmasını müjdələrini o xəstəxanada aldıq. Hansı ki, gecə saat 1-də biz hələ də yaralılar qəbul edirdik. O xəbərləri aldıqda sevincimizi sözlə ifadə edə bilmirəm”.

Müharibə bitdikdən bir neçə gün sonra da, bir ay yarım orada xidmət etdiklərini bildirən Anar Aslanov MN-nin əmri ilə təkrar geri döndüklərini deyir.

Hərbi həkimin sözlərinə görə, cərrah olaraq rəhbərlik etdiyi Daşkəsən və Hadrut hərbi xəstəxanalarına gətirilən yaralılar arasında xüsusi təyinatlıların sayı çox olub: “Müharibə zamanı ilk tibbi mütəxəssis hospital tipli yardım olaraq həm Daşkəsən, həm də Hadrut hərbi xəstəxanaları ən öndə yerləşirdi. Ona görə yaralılar ilkin müdaxilədən sonra gətirildikləri yer bizim xəstəxana olurdu. Təbii ki, bunların içində zəfərimizin əsas memarları olan xüsusi təyinatlı zabit və əsgərlər də onun içində vardı. Bir çox xüsusi təyinatlı  qüvvələrin zabit, gizir və əsgərlərin həm ilk tibbi yardım olaraq yaralıların yaralarının ilkin cərrahi işlənməsi, əməliyyatların olunması, istər ortopedik travmotoloji əməliyyatlar, istər digərləri bizim xəstəxanada olurdu.  Açığı mən çox istərdim ki, müalicələrin aparılması, xəstələrin gətirilməsi, təxliyəsi prosedurları  video və şəkillərlə tarixin yaddaşına köçürülərdi. Amma  təəssüf ki, nə bu yada düşürdü, görünür buna da xüsusi icazə lazım idi deyə, nə də kimsə bunu düşünürdü”.

Cərrah xüsusi təyinatlılardan bir neçəsinə olan yardımı belə xatırlayır: “Bir xüsusi təyinatlı baş leytenant partlayış travması almışdı. Təəssüf ki, ayağını qorumaq mümkün deyildi, güdül formalaşdırması deyilən əməliyyatla dizaltı amputasiya etdik. Anesteziyanın ilk təsirindən ayılanda “ayağıma nooldu”,  deyə soruşanda, humanist mövqedən biz ona təsəlli verməyə çalışdıq ki, psixoloji zədə almasın. Onun ilkin reaksiyası bu oldu: “Ayağımı düşünmürəm, qrupum başsız qalıb, mən qrupumun başına dönməliyəm. Axırıncı yaralandığı o döyüşdə o öz 20 nəfərlik kiçik dəstəsilə 138 nəfəri məhv eləmişdi. Belə bir cəngavər oğlan idi. Yəqin ki, həyatımın sonuna qədər bu anı unutmayacam. Soyadını xatırlamıram, adı səhv eləmirəmsə Nicat idi...”.

Anar Aslanovun digər bir xatirəsi mayor rütbəli tabor komandirinin yaralanma səhnəsi ilə bağlıdır: “Təxminən gecə saat 3 radələrində o yaralı bizə gətirildi. Ayağından güllə yarası almışdı və sol ətrafı tamamilə sınmışdı.  O necə yaralanmasını bizə danışdı. Dedi ki, yaralananda  yoldaşlarına yük olmamaq, diqqətlərini yayındırmamaq üçün, yaralı ayağı qeyri-iradi olaraq onun sürünməsinə mane olduğuna görə, o ayağını, digər salamat ayağına sarıyaraq, sürünüb döyüş meyadnından çıxa bilib. Söhbət Şuşa dağlarındakı döyüşlərdən gedir. O, orda təxminən  150 metrlik məsafəni yuvarlanaraq düşdükdən və bir müddət də süründükdən sonra aşağıda təxliyyə qrupuna rast gəlib və onu təxliyə eləmişdilər. Biz bu gün tariximizin ən şanlı səhifəsi olan zəfərdən danışırıqsa, bunda əsas pay sahibi olan xüsusi təyinatlılarımıza borcluyuq”.

Qeyd edək ki, II Qarabağ müharibəsində 10-u həkim olmaqla 86 tibb işçisi şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR