Türkiyənin ölkəmizdəki səfiri Qərbi azərbaycanlılarla görüşdü

# 16:21
23 yanvar 2023

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və səfirliyin nümayəndələri Qərbi Azərbaycan İcmasının yeni binasında İdarə Heyətinin sədri Əziz Əkbərli və üzvlərlə görüş keçiriblər.

 

Görüşdə Əziz Əkbərli türkiyəli diplomata ötən əsr boyunca dörd dəfə, 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991- ci illərdə azərbaycanlıların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.

 

Səfir Türkiyənin Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılan qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduğunu, bundan sonra da olmağa davam edəcəyini bildirib.

 

O qeyd edib ki, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin çətin zamanında hər zaman köməyə yetişib.

 

İcmanın Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfiqar bildirib ki, hazırda qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir.

Ülviyyə Zülfiqar qeyd edib ki, Qərbi Azərbaycan İcmasına “Qayıdış Konsepsiyası” ilə bağlı daxil olan təkliflər emal olunur.

Qeyd edək ki, bu günə qədər Qərbi Azərbaycan İcması tərəfindən qeydiyyata alınan soydaşlarımızın sayı 100 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR