Türkiyəyə yardımla bağlı verilən tapşırıqlar qardaşlığın əyani sübutudur – APA TV

# 21:55
11 fevral 2023

 

Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərlə insanın həyatına son qoydu, dağıntılar altında qalan minlərlə insanın taleyi isə hələ də naməlumdur. Azərbaycanda ilk gündən türkiyəli bacı-qardaşlarına mənəvi dəstəyi ifadə edərək hər kəs bölgəyə yollanmaq və xilasetmə əməliyyatlarında birbaşa iştirak etmək üçün həmrəy olub. Qardaş Türkiyə üçün belə ağır dönəmdə xalqımız özünəxas həmrəylik, mərhəmət, xeyirxahlıq, sədaqət, humanizm kimi yüksək mənəvi dəyərləri bir daha nümayiş etdirdi, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğu və qarşılıqlı sevgisinin möhkəmliyini və əbədiliyini isbat etdi. Zəlzələdən əziyyət görmüş Türkiyə dövlətinin və xalqının ilk gündən yanında olan dövlətimiz də bütün resurslarını səfərbər edib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə xilasetmə qrupları və tibbi personal bölgəyə yola düşüb, onlar yüksək peşəkarlıq və ən əsası Türk xalqına qardaş məhəbbəti ilə fəaliyyət göstərirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır. Heydər Əliyev Fondu Mehriban xanımın tapşırığı ilə təbii fəlakətdən zərər çəkmiş insanlar üçün zəruri olan qızdırıcısı çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərir. Millət vəkili Aydın Hüseynov bildirib ki, Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın humanitar yardımla bağlı çağırışı da onun bu məsələyə nə qədər həssas yanaşdığının göstəricisidir. Xatırladaq ki, Birinci xanım öz sosial şəbəkə hesabında paylaşdığı postda ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını çatdırmışdı. Mehriban Əliyeva “İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!" deyə paylaşımında vurğulamışdı. Millət vəkili deyir ki, bu cür yüksək qiymət, qədirbilənlik, hər zaman xalqın yanında olmaq yüksək mənəviyyat və humanizm ideallarına sadiqlikdən irəli gəlir. Deputat Aydın Hüseynov onu da əlavə edib ki, indi ölkəmizdə hər kəs Türkiyənin tezliklə bu çətinliyin öhdəsindən gələcəyinə inanır. Deputat Cavid Osmanov da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəhşətli zəlzələ nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması üçün verdiyi tapşırıqlar, Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsi Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğnın təzahürüdür. Göstərilən yardımlar, dövlətimizin və xalqımızın nümunəvi davranışları bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi əbədidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR