Ucar sakini “Ata” sığortadan şikayətçidir – Şirkətdən şok edici cavab

# 10:29
22 dekabr 2023

Ucar sakini “Ata” sığorta şirkətindən şikayətçidir. 1 noyabr 2023-cü ildə Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində 3 maşının iştirakı ilə baş verən qəzanın iştirakçılarından biri Ucar rayonunun Lək kənd sakini Eltun Sabir oğlu İbrahimov sığorta şirkətinin ona dəyən ziyanı ödəmədiyini deyir. O bildirir ki, hadisə zamanı ölən və xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Eltun İbrahimov hadisə zamanı ona məxsus “09 BK 653” dövlət nömrə nişanlı "Niva" markalı minik maşınına dəyən ziyanın “Ata” sığorta tərəfindən ödənilməli olduğunu deyir. O bildirir ki, Ucar Rayon Polis Şöbəsi tərəfindən sənədlər noyabr ayının 14-ü sığorta şirkətinə göndərilib. Artıq sənədlərin təqdim olunmasından 35 gün keçməsinə baxmayaraq hələ də sığorta pulu ödənilməyib. O, dəfələrlə sığorta şirkətindən ona dəymiş ziyanın ödənilməsini tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə ödəniş edilməyib. Məsələ ilə əlaqədar “Ata” sığorta ilə əlaqə saxladıq. Dəfələrlə edilən zənglərdən sonra “Ata” sığortanın əməkdaşı Nigar İbrahimova bildirildi ki, müştəri açıqlama istəyirsə, rəsmi şəkildə, yazılı surətdə şirkətə müraciət edə bilər: “Üçüncü tərəfə isə açıqlama verilmir.” Bu açıqlamadan sonra şikayətçi Eltun İbrahimovla telefon vasitəsi ilə yenidən əlaqə saxladıq. O isə dedi ki, sorğumuzdan dərhal sonra sığorta şirkəti vətəndaşla əlaqə saxlayıb və bildirilib ki, ona 1050 manat vəsait ödəniləcək. Vətəndaş isə bu təkliflə razılaşmayıb. Çünki Eltun İbrahimov ona təklif ediləndən daha böyük məbləğdə ziyan dəydiyini düşünür. Onun tələbi cavabdeh sığorta şirkətinin nümayəndələri tərəfindən maşına baxış keçirilməsi və real qiymətləndirmə aparılmasıdır. Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR