Ucarda "Araz" supermarketlər şəbəkəsinə etiraz: “Dükanımı bağladılar”

# 19:10
23 yanvar 2023

Ucar sakini "Araz" supermarketlər şəbəkəsindən şikayətçidir.

Rayonun Rəstəcə kənd sakini Namiq Mehdiyev təxminən 3 il bundan qabaq müqavilə əsasında Ucarın Heydər Əliyev prospektində marketlər şəbəkəsinin yerli mağazasını açıb. Gəlir əldə edən Mehdiyev 2022-ci ilin may ayında rayonun Oğuz küçəsində daha bir “Araz market” açıb. Problemlər də elə bundan sonra başlayıb.

İkinci mağaza fəaliyyətə başladığı ilk günlərindən alıcılar qiymətlərin yüksək olduğunu əsas gətirərək aldıqları malları geri qaytarmağa başlayıblar. Namiq Mehdiyev deyir ki, bu barədə baş ofisə məlumat versə də, nəticə əldə edə bilməyib.

Vətəndaş deyir ki, market rəhbərliyinin laqeydliyi səbəbindən ona dəyən ziyanın məbləği günü-gündən artıb. Yalnız borc əmələ gələndən sonra Oğuz küçəsindəki marketin bağlanmasına qərar verilib.

Vətəndaş deyir ki, malların mağazadan çıxarılması prosesi çox ləng gedir. Hər şikayət ediləndə bir neçə məhsul çıxardılır, sonra yenə sükunət davam edir. Namiq Mehdiyevin sözlərinə görə, ona ümumilikdə 30 min manat ziyan dəyib.

Məsələ ilə əlaqədar “Araz” supermarketlər şəbəkəsi ilə əlaqə saxladıq. Qurumun rəsmi nümayəndəsi sahibkarın şikayəti ilə bağlı bildirdi ki, “Araz supermarket MMC” ilə Namiq Mehdiyev arasında 2020-ci ildə “Elit Ucar” adlı təsərrüfat subyekti üzərindən françayzinq  müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə əsasən əməkdaşlıq edilən bütün sahibkarlara yaradılan müsbət şərait onun üçün də yaradılıb, lazımi dəstək göstərilib. Məhz uğurlu əməkdaşlıq və mağazanın yüksək qazancı nəticəsində sahibkar 2022-ci ilin may ayında françayzinq modeli əsasında “Uğur Ucar” adlı daha bir mağazasını açıb:

“Qeyri-dəqiq idarəçilik səbəbindən obyektin işlərinin yoxlanılması, risklərin analizi, qiymətləndirilməsi mövzusunda problemlər yaranmışdır. Bütün bunlardan sonra “Araz supermarket MMC” tərəfindən mağazanın fəaliyyətində olan risklər nəzərə alınaraq mal qalığının inventarizasiyası, yəni sayımı aparılmış və nəticədə mal qalığında yüksək məbləğdə fərqlər aşkar edilmişdir. Bu haqda sahibkarla görüş keçirilərək ona risklər izah edilmiş və ilk mağazasında fəaliyyəti üçün şərait yaradılmışdır. Buna baxmayaraq sahibkarın ilk mağazasında da kəsrlər aşkarlanmışdır. Bütün bunları nəzərə alaraq müqavilə üzrə öhdəliklərinə riayət etmədiyindən sahibkar Namiq Mehdiyevlə “Araz supermarket MMC” arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Mövzuya dair bütün sənədlər var və Namiq Mehdiyev mövzunu hüquqi müstəvidə davam etdirə bilər”. 

Bəli, bu uzun cavabı biz media qurumu olaraq 5 günə aldıq. Daha 5 gün də gözləməkdən qorxduq deyə, soruşmadıq ki, biçarə vətəndaşın problemi hüquqi müstəviyə daşımağa, vəkil tutmağa pulu qalıb? Bir açıqlamaya 5 gün vaxt itirən, bu qədər işçi potensialı olan marketlər şəbəkəsi başqa nə işlə məşğuldur ki, obyektdə qalan malı vaxtında çıxarmayıb? Axı o məhsulun mağazada qaldığı hər gün vətəndaşın borcu daha da çoxalıb. İndən belə “Araz” marketlər şəbəkəsi ilə əməkdaşlıq etmək istəyən sahibkarlar bu hadisədən hansı nəticəni çıxartmalıdırlar?   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR