Ucarın məşhur kəndi sürətlə boşalır

# 15:11
17 avqust 2022

Ucar rayonunda örüş sahələri zəbt olunub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Lək kənd sakinləri hektarlarla örüş sahələrindən istifadə edə bilmədiklərini deyirlər. Onların sözlərinə görə, rayon rəhbərliyi kəndin örüş yerlərini Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlərə verib. Camaat deyir ki, çıxılmaz vəziyyətdə qalıblar. Mal-qara otarmağa yer tapa bilmirlər. Bu vəziyyət uzun illərdir davam edir.

Sakinlər deyir ki, kənddə əsas məşğuliyyət heyvandarlıqdı, heyvanları otarmağa da yer tapmırlar. Hamı mal-qaranı satıb şəhərə köçür.

Lək kənd bələdiyyə sədrinin sağlamlığı imkan vermədiyindən mikrofon önünə bələdiyyənin mühasibi Nazim Əhmədov çıxdı. Suallarımızı cavablandıran Nazim Əhmədov bildirdi ki, örüş sahələrin zəbt edənlərlə bağlı müvafiq orqanlara məlumat verilib.

Məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Vaqif Mehdiyev şifahi olaraq bildirib ki, 2 il öncə yerli sakinlərin müraciəti əsasında daxili işlər orqanları ilə birgə adı çəkilən ərazidə tədbir aparılıb, maneələr aradan götürülüb. Əgər yenidən örüş sahələri şumlanırsa bu qanun pozuntusudur. Sakinlər bununla bağlı Daxili işlər orqanlarına müraciət etsinlər, deyə rayon rəsmisi qeyd edib.

Qeyd edək ki, Lək kənd bələdiyyə sədri 6 aydır ki, səhhətində yaranmış problemlə bağlı Bakı şəhərində müalicə alır. Kənd icra nümayəndəsi isə əməliyyat olunduğu üçün işə çıxmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR