Ucuz aviabilet almağın asan yolları

# 10:12
3 fevral 2022

Səyahət etmək istəyən əksər insanlar biletlərin baha olmasından şikayətçidirlər. Bəzən qiymətlər birdən-birə bahalaşır, bəzən də əksinə, aldığınız bilet sabah ikiqat ucuzlaşır. Bəs bu qiymət dəyişikliyinin səbəbi nədir? Ucuz bilet tapmaq üçün nə etməliyik?

 

Səyahət və aviasiya blogeri Azər İsmayıl deyir ki, ucuz qiymətə səyahət etmək istəyənlər uçuşdan 2 ay öncə bilet axtarmağa başlamalıdır: “Eyni zamanda siz onlayn bilet axtardığınız zaman sistem daxil olduğunuz veb-saytlardakı axtarış tarixçənizi yadda saxlayaraq hissə-hissə qiyməti qaldıra bilər,  ona görə də brauzerinizdə "gizli rejim" funksiyasından istifadə etməyiniz tövsiyə olunur”.

 

Azər İsmayılın sözlərinə görə, ucuz bilet tapmaq üçün əvvəlcə səyahət edəcəyiniz tarixi və ya tarix aralığını dəqiqləşdirməlisiniz. Sonra mütəmadi olaraq aviaşirkətlərin veb-saytlarını təqib etmək lazımdır. 

 

Bundan əlavə loukoster aviaşirkətləri vasitəsi ilə ucuz bilet ala bilərsiniz, amma unutmayın ki, bura ənənəvi sərnişin xidmətləri daxil deyil. Əlavə olaraq, turizm şirkətlərinin təqdim etdiyi çarter uçuşlarında boş qalan yerlərə çıxarılan bilet satışları da ucuz başa bilər. Amma, nəzərə almaq lazımdır ki, çarterlər adətən turistik bölgələrə uçuş həyata keçirir. Əlavə olaraq, onlayn aviabilet satışı ilə məşğul olan qlobal veb-saytlara abunə olaraq istədiyiniz tarix və uçuş üzrə ucuz biletlərdən vaxtında xəbərdar ola bilərsiniz. Cibinizə qənaət edərək səyahət etmək mümkündür. Bunun üçün sadəcə bir az çevik və daim axtarışda olmaq lazımdır. Hər birinizə xoş səyahət diləyi ilə

 

FATMA ABDULLA,

XƏYAL İSKƏNDƏROV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR