Uşaqlarımızı yay düşərgələrinə əmanət edə bilərikmi? – Valideynlər qorxu içində

# 19:19
16 iyun 2023

Hər bir uşağın sosiallaşması, ünsiyyət qabiliyyətinin, bilik və bacarıqlarının inkişaf etdirilməsində yay düşərgələrinin rolu danılmazdır. Ancaq təəssüflər olsun ki, bu gün ölkəmizdə yay düşərgələri ilə bağlı ciddi problemlər var. Bir vaxtlar düşərgə kimi fəaliyyət göstərən məkanların əksəriyyətində keçmiş məcburi köçkünlər məskunlaşıb, binaların fəaliyyət istiqamətləri dəyişdirilib. Buna görə də həmin düşərgələr artıq yararsız sayılır. Çox az sayda düşərgə qalıb ki, bunlar da konkret hansısa dövlət qurumlarının balansındadır. Bu düşərgələrə daha çox aid olduğu qurumların əməkdaşlarının övladları gedə bilir. Son vaxtlar isə bu boşluğu doldurmaq üçün bəzi şəxslər müxtəlif rayonlarda uşaqlar üçün düşərgələr təşkil edirlər. Sosial şəbəkələrdə verilən elanlardan görürük ki, fiziki şəxslərin təşkil etdiyi düşərgələrdə qiymətlər də əlçatan olmur. Məsələn, dövlət müəssisiəsində 4-15 yaşlı uşaqlar üçün 7 günlük daxili yay düşərgələrinin orta statistik qiyməti 250-300 manat arası dəyişirsə, özəllərdə bu qiymət 1000 manatı ötür. Bundan başqa, özəl düşərgələri kimlərin təşkil etdiyi valideyn üçün tam məlum deyil. Uşaqların təhlükəsizliyi, xidmətin keyfiyyəti və s. kimi önəmli məqamlarla bağlı çox sayda açıq suallar var. Elə söhbətləşdiyimiz valideyləri də əsas bu sual düşündürür: Övladlarımızın təhlükəsizliyinə kim zəmanət verir? Bəli, yay düşərgələri asudə vaxtın təşkili üçün ən gözəl vasitədir. Uşaq sosiallaşır, ana-atadan ayrı qalaraq, qaydalara tabe olmağı öyrənir, ən əsası isə şəxsiyyət kimi formalaşır. Amma təəssüf ki, əksər uşaqların düşərgə ilə bağlı anlayışları belə yoxdur. Təhsil eksperti Kamran Əsədov deyir ki, əvvəlcə uşaq yay düşərgəsinin nə olduğunu və hansı məqsədləri ehtiva etdiyini bilmək lazımdır. Sosioloqların fikrincə, uşaq düşərgələri onların istirahəti üçün kifayət qədər yaxşı düşünülmüş mexanizm olsa da, əsas məsələ bu düşərgələrin necə təşkil edilməsidir. Özəl şirkətlərin nümayəndələri də etiraf edirlər ki, bəzi düşərgə təşkil edən şəxslər qazancı hər şeydən üstün saydıqları üçün cəmiyyətdə etimadın azalmasına səbəb olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR