ÜST nümayəndəsi: Uşaqların vaksinasiyasına ölkə özü qərar verməlidir

# 17:59
16 sentyabr 2021

“Azərbaycanda peyvənd qəbul edən insanların sayında artım olması sevindiricidir”.

 

Bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda ilk peyvəndləməyə başlayan ölkələrdən biridir: “Nə qədər çox insan daha sürətlə peyvənd qəbul edərsə, bu xəstəliklə mübarizədə əhəmiyyətli nəticəyə gətirib çıxaracaq. İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30%-i iki doza peyvənd qəbul edib. Amma sadəcə peyvənd kifayət etmir. Bütün dünya başa düşdü ki, sadəcə peyvəndlə bu xəstəlikdən xilas olmaq mümkün deyil. Yenə də qapalı, insanların çox olduğu yerlərdə maskadan istifadə etmək çox vacibdir”.

 

ÜST nümayəndəsi bildirib ki, pandemiyanın tələblərinə Azərbaycanda çox yaxşı əməl edildiyi üçün yoluxma sayında azalma müşahidə edilir.

 

ÜST nümayəndəsi payız-qış aylarında yoluxmanın artmasının səbəblərinə də aydınlıq gətirib. H. Harmancı bildirib ki, insanlar artıq açıq havadan içəri girir, pəncərələr bağlanır: “Xəstəliyin sayının artmasında bunlar çox vacib nüanslardır. Əgər biz buna diqqət etsək, yoluxma sayının artacağını düşünmək şərt deyil. Bütün əl gigiyenası, sosial məsafə, maskadan istifadə və peyvənd pandemiyadan xilas olmaq üçün etməli olduğumuz şeylərdir. Yəni bir daha qapanmaya getməmək üçün bunları etməliyik. Bunlar anti-karantin tədbirləridir. Əməl etsək, daha normal həyat yaşaya bilərik”.

 

Handa Harmançının ÜST vaksinlərin tanınması ilə bağlı ölkələrə tövsiyələr verdiyini deyib. Onun sözlərinə görə, bununla belə, qərarı ölkələr özü verir.

 

ÜST nümayəndəsi hazırda dünya ölkələri arasında beynəlxalq pandemiya razılaşması əldə etməklə bağlı danışıqlar olduğunu da diqqətə çatdırıb.

 

Azərbaycanda məktəblərin açılmasını yüksək qiymətləndirdiklərini deyən Hande Harmancı onu da bildirib ki, uşaqların vaksinasiyasının aparılması ölkənin öz qərarıdır. Azərbaycanda uşaqların vaksinasiyası ilə bağlı hələlik qərar yoxdur. Buna baxmayaraq, məktəblərin açılması çox vacibdir. Uşaqlar çox uzun müddətdir məktəbdən uzaq qalıb. Bu, onların sağlamlığı baxımından çox problem yaratdı, uşaqların sosiallaşmasının qarşısını aldı. Ona görə də ÜST olaraq UNİCEF-lə birlikdə məktəblərin açılması ilə bağlı tövsiyələr verdik. Əlbəttə ki, lazımi tədbirlərə əməl edərək əyani tədrisin davam etməsinə çalışılmalıdır - deyə ÜST nümayəndəsi bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR