Vətən Müharibəsi Ənvər Kaptanoğlunun gözü ilə...

# 20:16
4 oktyabr 2021

 

Vətən Müharibəsinin hər gününü, hər dəqiqəsini dünya həm də onun təqdimatı il bildi və hadisələrin gedişini tamaşaçılar Türkiyənin “CNN Türk” telekanalında Ənvər Kaptanoğlunun təqdimatında izlədi.

 

Ənvər Kaptanoğlu “CNN Türk”ün xarici xəbər aparıcısıdır. Məhz elə buna görə də Vətən Müharibəsi başlayandan Qarabağda baş verən hadisələri izləmək üçün bölgəyə ezam olunub və orda baş verənləri gözləri ilə görüb.

 

“CNN Türk”ün əməkdaşı Ənvər Kaptanoğlu Vətən Müharibəsi başlayan zaman Əfqanıstandan yenicə qayıdıbmış. O, məzuniyyətdə olmasına baxmayaraq, istirahətinə ara verərək Azərbaycana yola düşüb.

 

APA TV-nin Türkiyə bürosuna müsahibə verən həmkarımız Qarabağ Zəfərinin ildönümü ərəfəsində yaşananları və qələbəyə gedən yolda Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaətdən danışıb: “Qarabağ müharibəsinin ilk günlərindən bölgəyə gəldim. Bu mənim üçün müharibə bölgəsinin xəbərçisi kimi həm də çox önəmli və fərqli idi. Çünki 30 il münaqişənin həlli çözülməmiş qalmışdı. Biz müharibə vasitəsilə münaqişəyə son qoyulacağı bir dönəmdə Azərbaycana gəldik. Azərbaycan işğalda olan tarixi torpaqlarını azad etmək uğrunda mücadiləyə başlamışdı. 30 illik işğala son qoyulması üçün önəmli addımlar atılırdı, sözün əsl mənasında. Tarix yenidən yazılırdı. Mən Azərbaycana öz istəyimlə gəldim. Bu mənim ilk səfərim olduğundan sona qədər müharibənin gedişini izlədim”.

 

Ənvər Kaptanoğlu müharibə zamanı Ermənistan mətbuatının yaydığı əks təbliğatla bağlı da maraqlı məqamlara toxunub: “Məhz elə buna görə də bu əks təbliğatı yarıb, dolğun və düzgün informasiyanın dünyaya çatdırmaq kimi bir məsuliyyətimiz də vardı. Dünyanın ən çətin münaqişə ocaqlarından reportaj hazırlayan biri olaraq, İkinci Qarabağ müharibəsi, iştirak etdiyim müharibə bölgələrindən bir az da fərqli idi. Çünki müharibədə hər iki tərəfin ordusu iştirak edirdi və ən ağır silahlardan istifadə edilirdi. Ermənistan ballistik raketlərlə müharibə zonasını deyil, məhz dinc əhalinin yaşadığı kənd və şəhərləri bombardman edirdi. Gəncə şəhərini misal çəkə bilərəm, gecə yarısı insanlar yatarkən neçə-neçə qadının, uşağın ölümünə bais oldular. Bizlər də Azərbaycanın haqlı müharibəsində qarşı tərəfin bu haqsızlığını axtarıb dünyaya çatdırmaq durumundaydıq. Bunu dünyaya duyurmalıydıq. Türk müxbirləri olaraq da, bunu başarı ilə sonuclandıra bilməyimizdən şərəf duyuram”.

 

“Artıq Qarabağ münaqişəsi həllini tapıb. Bir daha parlaq qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”, - deyə türkiyəli jurnalist vurğulayıb.

 

Sevil Ünal, Sevinc Vaqifqızı, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR