Vətən Müharibəsi şəhidi: “Vaxt gələr, Qarabağı mən alaram”

# 13:16
9 noyabr 2021

Müstəqilliyin bərpası günündə dünyaya gələn, həmin günün haqqını verən şəhid Vüsal Hadıyev.

APA TV xəbər verir ki, o, 18 oktyabr 2000-ci ildə Lənkəranın Gəgiran kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Masallıya köçən Vüsal 2 bacının tək qardaşı olub. Uşaqlıq illərinin şıltaqlığı zamanla yerini müdrikliyə verib. Onu tanıyanlar çox ağıllı, tərbiyəli, cəsur biri olduğunu deyirlər. Valideynləri deyir ki, kaş bizi 1-2 dəfə incidəydi, bəlkə onda Vüsalın yoxluğu bu qədər çətin olmazdı. 

Şəhidin anası Telli Nəhmətova onunla axırıncı danışığını belə xatırlayır: “Axırıncı dəfə zəng elədi, dedi, nə var, nə yox, nə edirsiniz? Başladım ağlamağa. Dedim, biz nə edərik? Özünü qoru. Deyərdi, ana, siz arxayın olun məndən. Dedim, mənim balam, vəziyyəti belə deyirlər. Dedi, ana, sən narahat olma. Həmişə çox başa düşən oğlan idi, atanı-ananı istəyən, bacıları incitməyən. Gecə neçə dəfə dururam, gəlirəm, paltarı götürürəm, yatıb qalıram burada”. 

Şəhidin atası Balarəzi Nəhmətov isə oğlu ilə qürur duyduğunu deyir: “Onun bəy otağı olmalı idi. İndi onun otağında onun şəkillərinə baxmaq mənə qalır. Qəbiristanda qəbri bəzənməklə təsəlli tapıram özümdə. Gül ilə bütöv bəzəmişəm onun qəbrini. Onlarla özümə təsəlli tapıram. Ondan sonra düz 1 il ötdü”.

11 ayın əsgəri olan Vüsal Vətən müharibəsi başladığı ilk günlərdən döyüşlərə qoşulur, düşmənlərə qarşı böyük mərdliklə vuruşur. Torpaqlarımızın azadlığı uğrunda canından keçir və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 22 oktyabr 2020-ci ildə şəhid əsgərimiz Masallı şəhər məzarlığında izdihamla torpağa tapşırılır: 

Atası deyir ki, Vüsal heç nədən qorxmurdu: “Dedi, ata, xəbərin var? Müharibə başlayır. Mən də bilirdim, müharibə başlayır. Dedim, nə müharibə, Vüsal? Müharibə nədir? Müharibə yoxdur. Dedi, yox, ata. Müharibə başlayır. Dedim, qorxursan? Gülərək dedi, kişi də qorxar? Qorxmurdu. Elə bil şəhid olmağa böyümüşdü. Səsi də var mənim telefonumda, əsgər gedən gün Rusiyadan dostuyla danışırdı. Onda deyirdi, ölməsəm, gülləyə tuş gəlməsəm, gəlib səninlə görüşərik”. 

Dediyi kimi də oldu - əzəli torpaqlarımızın düşməndən təmizlənməsində, işğaldan azad olunmasında onun da imzası var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid əsgər Vüsal Hadıyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ruhu şad olsun!

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR