Vətən Müharibəsində şəhid olan 20 yaşlı Rövlanın xatirəsi anılıb

# 16:13
24 may 2021

Bu gün Vətən müharibəsinin şəhidi Rövlan Qurban oğlu Məmmədovun doğum günüdür.

 

APA TV-nin məlumatına görə, 20 yaşı tamam olan Rövlanın ailə üzvləri şəhidin ad gününü elə onun məzarı başında qeyd ediblər. Mərasimdə şəhidin doğmaları ilə yanaşı, Xətai Rayon İcra hakimiyyətinin nümayəndələri, Rövlan Məmmədovun döyüşçü yoldaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

 

Tədbirdə şəhid Rövlan Məmmədovun qısa, lakin şərəfli həyat yolundan, həmçinin onun 44 günlük Vətən Müharibəsi zamanı göstərdiyi igidliklərdən söhbət açılıb, ruhuna dualar oxunub.

 

Şəhidin atası Qurban Hüseynov oğlunun minamyot mərmisindən şəhid olduğunu deyir: “Oğlum çox tərbiyəli, çox ağıllı uşaq idi. O, əsgərliyə yollananda seçilərək xüsusi təyinatlı hissədə qulluq edirdi. Orada, döyüş bölgəsində Murov yüksəkliyində döyüşüb. Daha sonra Füzuli və Cəbrayıl istiqamətində döyüşüb. Cəbrayılda “Vışka” deyilən yer var. Həmin ərazidə döyüşdə olarkən yanında  minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yaralarından şəhid olub”.

 

Anası Solmaz Məmmədova isə oğlu ilə olan son görüşünü belə xatırlayır:  “Əsgərliyə yollananda dedi ki, hərbini sevirəm, hərbçi olacağam. Öz arzusu ilə xüsusi təyinatlı qüvvələrə seçilmişdi. Hər zəng edəndə deyirdi ki, “ana, mən hərbini sevirəm”. Ancaq mən razı olmurdum. Onun komandiri bizə gəlib Rövlan haqda elə şeylər danışdı ki, elə bildim ki, oğlumu tam tanımamışam. Mən bilməzdim ki, o, bu dərəcədə qəhrəman ola bilər, Vətəni sevə bilər, bayrağı sevə bilər”.

 

Şəhidimizin ad günündə onu yalnız qoymayan döyüşçü yoldaşları Rövlanı igid, qorxmaz bir əsgər kimi xatırlayırlar:

 

- Bir qazi kimi bütün şəhid qardaşlarımın ruhunun qarşısında baş əyirəm. Hər bir şəhid ailəsi bizim yaxınlarımız, əzizlərimizdir. Hər birinə dəstək olmaq lazımdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bir övlad itirsələr də, bizim kimi minlərlə övlad qazanıblar. Rövlan qardaşımız başda olmaqla bütün şəhidlərimizin ruhunun qarşısında baş əyirik. Allah rəhmət etsin.

 

- Bu gün şəhid qardaşımızın mövluduna yığışdıq. Düzdür, onun məqamına heç birimiz çata bilmərik, amma bu bizim üçün təsiredici bir məqamdır. Yəni qəbiristanlığa gəlib bir səngər yoldaşının ad günü tortunu yemək dözülməz bir hisdir. Amma yenə Vətən sağ olsun. Bu gün mən də onun yerində olmaq istərdim. Heç kim o çatan zirvəyə çata bilməz.

 

- Rövlan qardaşımızın anım gününə yığışmışıq. Rövlan qardaşımız və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş digər hərbçi qardaşlarımızı ziyarət etmək, onları anmaq, onların ailələrinin yanında olmaq biz qazilərin borcudur. Biz də bunu özümüzə borc bilərək bu gün bura gəlmişik.

 

Anım mərasimindən sonra şəhidimizin yaşadığı Xətai rayonu ərazisindəki məhəllədə onun adına inşa edilən xatirə bulağı da ziyarət edilib.

 

Xətai RİH-in şöbə müdiri Pənah İmanov şəhid ailələrinin və qazilərin daim diqqətdə saxlanıldığını deyir: “Şəhidlərimiz başımızın ucalığı, başımızın tacıdır. Onlar bizim qürur yerimizdir. Biz də onların xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçiririk. O cümlədən də bura xatirə lövhələrinin, xatirə bulaqlarının hazırlanması daxildir. Hər zaman şəhid ailələrinin yanındayıq. Bu bir növ yetişən gəncliyə bir nümunədir”.

 

Qeyd edək ki, peşəkar bir rabitəçi kimi döyüşlərdə adından söz etdirən Rövlan Quban oğlu Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR