Vətən Müharibəsinin 15-ci günü: 11 oktyabrda nələr baş verdi?

# 07:00
11 oktyabr 2021

Gəncə ərazisinə və əhalisinə görə ölkənin 2-ci ən böyük şəhəridir. Tarix və mədəniyyət mərkəzi olan bu şəhər müxtəlif dönəmlərdə yadellilərin xain hücumlarına məruz qalıb.  2020-ci ilin oktyabr ayı isə Gəncə şəhərinin tarixinə qanlı hərflərlə yazıldı. 4 oktyabrdan başlayaraq Ermənistan ordusu Gəncəni raket atəşinə tutur, döyüş meydanından kilometrlərlə uzaq olan bu şəhərə xain hücumlar edirdilər.

 

11 oktyabr 2020-ci il. Gecə saat 02:00-da insanların yatdığı bir vaxtda Gəncə şəhərinin mərkəzində yaşayış binaları raket atəşinə məruz qaldı. Ümumilikdə həmin gecə ermənilərin Gəncə şəhərinə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, qadınlar da daxil olmaqla 10  mülki şəxsin ölümünə, uşaqlar da daxil olmaqla isə 40 nəfərin ağır yaralanmasına səbəb oldu.

 

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Gəncə şəhərinə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyini bildirdi.

 

Bundan əlavə Ermənistan ordusu Mingəçevir su-elektrik stansiyasını hədəf aldı. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi.

 

Yanaşı olaraq düşmən ordusu Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutmaqda davam edirdi. 

 

Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralandı.

 

Ordumuz isə dünya hərb tarixində görünməyən hücum əməliyyatları ilə irəliləyirdi. Gecə ərzində keçirilən əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilmişdi.

 

Səhər saat 08:00-də isə Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edildi.  

 

Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verərək döyüş meydanından qaçmağa məcbur edildi.

 

Saat 17:30-da  Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini yenidən atəşə tutdu.

 

Müdafiə Nazirliyi Ermənistan ordusunun "Kub" zenit raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımladı.

 

Saat 16:30-da isə Cəbrayılın işğaldan yenicə azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayımlandı.

 

Beləcə düşmənin öz əli ilə qazdığı səngər özünə məzar olurdu. Müdafiə Nazirliyinin yaydığı videolarda erməni əsgərlərinin necə dəqiqliklə məhv edildiyi, hərbi obyektlərinin, texnikalarının necə sıradan çıxarıldığı açıq aydın görünürdü. Bu kadrlar həm də torpaqlarımıza göz tikməkdə iddialı olan hər kəsə bir xəbərdarlıq idi.

 

Ordumuz isə daha 29 gün düşmənin başına od ələyib, elə bu cür də çəkilişlər edəcəkdir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR