Vətən Müharibəsinin 37-ci günü: 2 noyabrda nələr baş verdi?
“Bəzən bir gün bir əsrə bərabər olur"- deyib atalarımız. Amma 44 günlük Vətən Müharibəsinin nəyinki 1 günü, hər saatı, hər dəqiqəsi bir əsrə bərabər idi. Çünki Azərbaycan 27 il həsrətində qaldığı doğma torpaqlarını işğaldan azad edirdi.
Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutdu.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi.
Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrə idi. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmırdı.
Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri isə yenə də Ağdam və Ağcabədi rayonlarının kəndlərini, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutdu.
Həmçinin Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə tutuldu.
Amma düşmən cavab atəşi ilə susdurulur, qisas cəbhədə, döyüş meydanında alınırdı. Müdafiə Nazirliyinin məlumatına görə cəbhənin müxtəlif istiqamətlərində Ermənistana Ordusuna məxsus 4 ədəd BM-21 Qrad qurğusu və Tərtərin Çardaqlı kəndi istiqamətində isə 1 ədəd “KUB” zenit-raket kompleksi məhv edilmişdi.
Günün ən sevincli xəbəri isə yenə də Prezident, Ali Baş, Komandandan İlham Əliyevdən gəldi. Dövlət başçısı özünün "Twitter" səhifəsində Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri, Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Amma bu hələ son deyildi, düşmən daha 7 gün dəmir yumruğun altında əziləcəkdi.