Vətən Müharibəsinin 43-cü günü: 8 noyabrda nələr baş verdi?

# 07:00
8 noyabr 2021

8 noyabr 2020-ci il. Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

 

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulmuşdu. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olmuşdu.

 

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarıldı.

 

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görürdü. Həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Ordumuzun bölmələrinin mövqeləri minaatan və atıcı silahlardan yenə atəşə tutulmuşdu.

 

Bundan başqa, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri, Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndləri düşmən tərəfindən atəşə tutulmuşdu.

 

Düşmənin bu təxribatlarının qarşısı isə cəbhədə layiqincə alınırdı. Elə bunun nəticəsi idi ki, Saat 14:00 da cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirildi. Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdıldı, yüksək vəzifəli şəxsləri məhv edildi.

 

Saat 16:30-dan isə Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutmağa başladı. Buna cavab isə yenə döyüş meydanında verildi. Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirildi. Ağır itkilər verən düşmən mövqeləri ataraq qaçmağa başlamışdı.

 

Müdafiə nazirliyi isə işğaldan azad edilən ərazilərin görüntülərini paylaşmağa davam edirdi. Bu dəfə Qubadlı rayonunun işğaldan azad olunan Balasoltanlı,  Xocavənd rayonunun Tsakuri kəndlərindən görüntülər yayıldı.

 

Təbii ki, günün ən gözəl xəbəri Ali Baş Komandan İlham Əliyevdən gəldi. Dövlət başçısı və birinci xanım Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin xatirəsinə ehtiramlarını bildirib, Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Azərbaycan Prezidenti xalqa müraciət etdi. Ali Baş Komandan Şuşanın azad olunması xəbərini məhz Şəhidlər Xiyabanından çatdırdı.

 

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”. 

 

Amma bu da son deyildi. Böyük qələbəyə sadəcə bir gün qalmışdı. Düşmən Vətən Müharibəsinin davam etdiyi bu günlərdə ən ağır zərbəsini almışdı.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR