Vətən Müharibəsinin 9-cu günü: 5 oktyabrda nələr baş verdi?

# 07:00
5 oktyabr 2021

 

5 oktyabr, 2020-ci il. Ermənistan dövlət rəhbərləri cəbhədəki məğlubiyyətini hər vəchlə gizlətməyə çalışırdı. Lakin ordumuzun ən müasir texnikalarla təchiz olunması sayəsində düşmənin döyüş meydanından necə qaçdığını, məhv edildiyini asanlıqla seyr edə bilirdik.

 

Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə aldı. Düşmən yenə də dinc əhalini, mülki infrastrukturu hədəf alır, daha çox qırğın törətməyə çalışırdı.

 

Elə həmin gün Müdafiə Nazirliyinin verdiyi məlumatda, Beyləqan, Bərdə və Tərtər şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu deyilirdi.

 

Saat 11:40-da Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qaldı. Təxminən 1 saat sonra isə Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri raket zərbələri ilə atəşə tutuldu.

 

Erməni terroru nəticəsində Bərdədə 1 nəfər həlak oldu. Ümumilikdə isə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

 

Saat 16:40-da Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutdu, mülki şəxslər arasında yaralananlar oldu. Həmçinin düşmən ordusu Beyləqan şəhərini də atəşə tutdu.

 

Saat 5-də Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının məhv edilməsi barədə məlumat yaydı. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edildi.

 

Hərbi texnikası və canlı qüvvəsi sıradan çıxarılan Ermənistan ordusu isə mülki əhalini hədəf seçməkdə davam edir, hətta hər ötən gün daha da intensivləşdirirdi.

 

Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistan ordusu tərəfindən Ağcabədi rayonuna 3 raket atılması nəticəsində 2 nəfər mülki şəxs xəsarət alıb, 1 ev tamamilə dağılmışdı.

 

Saat 20:00-da isə Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutdu. Həmçinin Ağdam rayonunun müxtəlif istiqamətlərinin intensiv atəşə tutulması nəticəsində bir mülki şəxs həlak oldu biri isə yaralandı. Bu sırada düşmən Goranboy rayonunun yaşayış məntəqələrini də ağır artilleriyadan atəşə tuturdu. Nəticədə biri nəfər həlak odu, biri azyaşlı olmaqla 5 nəfər yaralandı.

 

Xalqımızın isə iradəsi qırılmır, hər fürsətdə döyüş meydanına yollanmaq üçün can atırdı. Ürəyi səngərdə olan vətəndaşlarımızın bu dəfə isə gözü mavi ekranlarda, daha çox Prezident İlham Əliyevin “Twitter” səhifəsində di. Və nəhayət Ali Baş Komandan özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqladı.

 

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə isə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilmişdi.

 

Beləcə, xalq və ordu Ali Baş Komandan ətrafında sıx birləşdi. Bu birlik tarixin səhifələrində nadir rast gəlinən həmrəylik nümunəsi idi. Ali Baş Komandanın dili ilə desək, bir amal uğurunda birləşən Azərbaycan xalqı dəmir yumruğa dönmüşdü.  

 

Bu yumruq isə hələ 35 gün də düşmənin başın əzəcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR