Xarici QHT nümayəndələri Edillidə: Onlar nələrə şahidlik edib?

# 19:10
15 oktyabr 2022

Çexiya, Hollandiya, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT və öz ölkələrinin parlamentində çalışan nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığa səfəri olub.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir və girov götürdüyü azərbaycanlıları öldürüb kütləvi dəfn etdikləri və bu günədək həmin məzarlıqların xəritələrinin təqdim edilmədiyi bildirilib.

O da deyilib ki, həmin illərdə itkin düşən 4 min nəfərədək soydaşımız barədə Ermənistan indiyə qədər də heç bir məlumat vermir.

Niderlandlı yazıçı Henri Van Rens deyir ki, burada gördüklərimiz, bu insanlara qarşı edilənlər həqiqətən utancvericidir: “Onları diri-diri basdırılıblar, onların əl-ayaqlarını kabel, kəndir və ya məftillə bağlayıblar. Biz deyə bilərik ki, bunu yalnız vəhşilər edə bilər. Mən Makronu axmaq adlandırıram. O, bütün ermənilərlə razıdır, ancaq burada törədilənləri vecinə almır. Onlar buraya diqqət yetirmir, elə mənim hökumətim də. Onlar deyirlər ki, "ola bilər ki, bu, baş vermiş olsun". Ancaq siz buranı ziyarət edən hollandiyalı parlamentariləri görürsünüzmü? Xeyr. Siz onları görmürsünüz. Düşünürəm ki, onlar ABŞ, Fransa, Almaniya və ya hansısa başqa ölkələrdən qorxurlar. Bəziləri də ermənilərdən maliyyə dəstəyi alır".

Serbiyadan olan Qeyri-Hökumət Təşkilatının təmsilçisi Srdjan Budimcic deyir ki, burda gördüklərinə görə çox kədərlənir: “Bu, bəşəriyyət üçün çox pisdir və ümid edirəm ki, gələcəkdə belə hadisələrin bir daha baş verməsini heç vaxt görməyəcəyik: "Mənim gələcək üçün mesajım sülh və sevgidir".

Gənc Demokratlar Partiyasının gənclər qanadının təmsilçisi Adrian Pexota da gördüklərindən çox təsirləndiyini bildirir: “Bütün bu dəfn edilmiş cəsədləri görmək və bu, sözlə təsvir edə bilməyəcəyimiz faciədir. Eşitdiyimə görə o adamlar diri-diri basdırılıb. Bu, beynəlxalq hüquqa ziddir, Cenevrə Konvensiyasına ziddir. Bu bir daha təkrarlanmamalı olan bir faciədir və mən həqiqətən də bu cür təcrübələrin əleyhinəyəm. Burada 30 il əvvəl belə hadisələrin baş verdiyini görəndə həqiqətən ürəyim ağrıyır, bu mənim üçün ağrılı bir şeydir və inanıram ki, azərbaycanlılar üçün həqiqətən də bu ağrı hələ də təzədir, aktualdır. Həqiqətən onlar üçün çox kədərlənirəm".

Çexiya Gənclik Assosiasiyasının rəhbəri Radek Smolka isə bura gəlməyin ürəkağrıdan məqam olduğunu diqqətə çatdırır: “Mən ilk dəfə gəlib cəsədləri görəndə, Auşvitz əsir düşərgəsini ziyarət edərkən yaşadığım hisslərin eynisini burada yaşadım. Faciə artıq baş vermiş olsa da, onun ağrısını faciə indi baş vermiş kimi hiss edirsən. Vətənimə, Çexiyaya qayıdanda burada gördüyüm reallığı bölüşəcəyəm. Tanrıya şükürlər olsun ki, ölkəmizdə erməni təbliğatı güclü deyil, amma məhz həmin bu faciə anlarını, məlumatları paylaşmaq vacibdir. Mənim ölkəmdən daha çox insan gəlib burada baş verənləri öz gözləri ilə görsə, çox yaxşı olar, münaqişəni daha yaxşı başa düşər".

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Xocavənd Edilli ekspedisiyasının rəisi Akif Quliyev bildirib ki, Xocavəndin Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqdakı insan skletləri götürüldükdən sonra, qazıntı işləri təkrar davam etdiriləcək: “Bu skletlərin altından yeniləri də çıxa bilər. Ona görə ki, şahidlərin ifadəsində bu ərazidə çoxlu sayda insanların öldürülüb dəfn edildiyi barədə məlumatlar var. Biz də qazıntı işlərini davam etdirib, tam əmin olduqdan sonra işləri dayandıracağıq".

Qeyd edək ki, bu il sentyabrın 14-də Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda 12 nəfərin meyitinin qalıqları aşkarlanıb.

Qalıqları tapılan şəxslərin Birinci Qarabağ müharibəsində Ermənistan silahlı birləşmələri tərəfindən öldürülmüş azərbaycanlı əsirlər olduğu açıqlanıb.

Qalıqların üzərində və yanında aşkarlanan əşyalar öldürülmüş əsirlərin hərbçilər olduğunu söyləməyə əsas verir.

Bu ilin fevral ayında Edilli kəndində başqa bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında isə bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi aşkarlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR