Xidmət rəisi sahibkarların niyə cərimələndiyindən danışdı

# 18:53
1 mart 2022

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini daxili proseslərin optimallaşdırılması və onların rəqəmsallaşdırılması, təmin edilən xidmətlərin hamısının elektronlaşması sahəsində işlərə start verib. Bu istiqamətdə elektron rəqabət portalının yaradılması nəzərdə tutulur. Portal sahibkarlara, istehlakçılara xidmətin əlçatanlığını və şəffaflığı təmin edəcək.

 

Bunu jurnalistlərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. Xidmət rəisi həmçinin bu il yeni qanun layihələrinin hökumətə təqdim olunacağını bildirib.

 

Bu il Azərbaycanın Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq.Bu, olduqca mühüm addımdır və ölkədə rəqabətin təmin olunması üçün strateji həldir.2021-ci ildə məcəllə hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılma prosesi yekunlaşdı. Ümid varıq ki, son razılaşmalardan sonra bu il Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq və qəbul olma prosesi başa çatacaq. Bununla yanaşı, Azərbaycanda "Daxili ticarət haqqında" qanun layihəsi hökumətə təqdim olunacaq.

 

Bazar subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar 20 işin qaldırıldığını deyən xidmət rəisi sahibkarların cərimələnməsindən də söz açdı.

 

Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qaldırılan işlərin nəticəsi olaraq, 710 min manatdan çox maliyyə sanksiyası tətbiq olunub. Xidmətin məqsədi sahibkarları cərimələyib sanksiyalar tətbiq etməkdən ibarət deyil, bu və digər vasitələrlə rəqabət sahəsində müəyyən qanun pozuntularının və rəqabət mühitinin yaradılmasından ibarətdir. 

 

Xidmət rəisi onu da bildirdi ki, təhlükəli qeyri-qida məhsullarının qorunması üçün 2022-2025-ci illəri əhatə edəcək dövlət proqramı hazırlanır. O bildirib ki, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunan çoxsaylı qurumlar var. Bazarda müşahidələr apararkən məlum olub ki, həmin akkreditasiya orqanları tərəfindən sertifikatların verilməsində bəzi hallarda qanunvericiliyə əməl edilmir: “Bu da o deməkdir ki, nəticədə onlara verilən sənədlər təhlükəsizliklə bağlı real mənzərəni əks etdirmir və bu, hesab edirik, kifayət qədər təhlükəli bir prosesdir. Bu, həm bizim vətəndaşlarımızın həyat və sağlamlığına birbaşa təhlükə yaradan məsələlərdir, həm də ümumiyyətlə keyfiyyət sahəsində dünya təcrübəsinin bərqərar olunması üçün mənfi tendensiyadır. Bununla əlaqədar tərəfimizdən tədbirlər planı hazırlanır”.

 

Məmməd Abbasbəylinin sözlərinə görə, tədbirlər planının hazırlanmasının əsas məqsədi hüquq-normativ bazanın imkan verdiyi tədbirlərin tətbiq olunmasıdır.

 

Aytən Sakitqızı,

Xəyal İskəndərov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR