Xüsusi təyinatlı baş kəşfiyyatçı çavuş Yadigar Əliyevin xatirəsi anılıb

# 19:04
4 iyun 2021

Vətən Müharibəsində döyüş meydanından yaralı əsgərini çıxararaq özü şəhid olan Xüsusi təyinatlı baş kəşfiyyatçı çavuş Yadigar Əliyevin bu gün 27 yaşı tamam olur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri onun ad gününü məzarı başında qeyd ediblər.

Yadigar Əliyev 1994-cü ilin iyun ayının 4-də Goranboy rayonun Qaradağlı kəndində  anadan olub. Yadigar dünyaya gəlməmişdən öncə atası yol qəzasında dünyasını dəyişib.

Atasız böyüyən şəhidimiz hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə seçilir. Və beləcə, 2019-cu ildən Naxçıvanda Baş Kəşfiyyatçı çavuş kimi   qulluq etməyə başlayır.

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində könüllü kimi cəbhəyə yollanan Yadigar snayperçi kimi düşmənə qan uddurub. İşğal altında olan bir neçə rayonlarımızın azad olunması istiqamətində gedən gərgin döyüşlərdə yaxından iştirak edib. Oktyabrın 28-də Şuşa yaxınlığında gedən döyüşlər zamanı, yaralanan əsgərini xilas edərkən düşənin snayperinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Anası Hicran Əliyeva deyir ki, oğlum Vətən uğurunda şəhid olub: “Çox vətənpərvər oğul idi. Həmişə deyirdi, gedib torpaqlarımzı alacağıq. Şuşaya, Göyçəyə gedəcəyik, onlar kimdir ki, bizim torpaqlarımızı verməyə. Oğlum idmançı idi. Həmişə deyirdi vətənimiz uğurunda şəhid olmağa hazıram. Deyirdim ay Yadigar niyə elə deyirsən, deyirdi ana bizim torpaqlarımız düşmən tapdağı altındadır, biz onları almalıyıq”.

Yadigar şəhid olmamışdan iki gün qabaq, oktyabrın 26-da anası ilə sonuncu dəfə danışıb. Elə həmin vaxt da şəhid olacağı halda atasının yanında dəfn olunmasını istəyib: “26-sı tezdən danışdım, Şuşada idi. Dedi ana zəng çatmasa narahat olma, burda set yoxdur. Ondan sonra səs gəlmədi. Sora böyük qardaşıma zəng elədim ki, Yadigardan səs yoxdur, O da dedi ki, narahat olma danışmışam. Deyirdim ay Yadigar yaxşısızmı? deyirdi narahat olma. Sənin oğlun elə belə oğul deyil”.

Yadigarın nənəsi Səyyarə xanım deyir ki, o mənə nənə yox, ana deyirdi həmişə. Çünki onu mən böyütmüşəm: “Göz açandan bu evdə olub. Ata üzü görmədi. Yadigar balam ağılı, qoçaq, özünə dost, hörmət qazanan oğul idi. O dayılarına qaqa deyirdi. Dayıları onu çox istəyirdi. O güləşə gedirdi. Hər yerə gedəndə zəng edirdi mama birinci yerə çıxdım. Balam Vətən uğurunda, torpaq uğrunda şəhid oldu. Döyüşə gedəndə deyib ki, anama deməyin. Zəng edəndə həmişə deyirdi yaxşı olacaq”.

 Yaxınları deyir ki, Yadigar uşaqlıqdan vətənpərvər olub. Həmişə deyirmiş ki, böyüyəndə gedib torpaqlarımız düşməndən azad edəcəyəm. Onun babası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Yadigar uşaqlıqdan bir çox idman növü ilə məşğul olub. Bir neçə dəfə güləş üzrə rayon birincisi, Respublika üzrə isə müxtəlif yerlərin sahib olub. Onun bir çox qızıl və gümüş medalları var. Şəhidimiz haqqında qürurla danışan ailəsi deyir ki, o, hər zaman bir amal uğurunda yaşayıb. Torpaqlarımzı yağı düşməndən azad etmək və şəhidlərimizin qisasını almaq. Arzusuna da çatdı.

Yadigar Əliyev noyabr ayın 1-də doğulub boya-başa çatdığı Qaradağlı kənd qəbiristanlığında dəfin edilib.

Xüsusi Təyinatlı Qüvvələrin baş kəşfiyyatçı çavuşu şəhid Yadigar Əliyev ölümündən sonra “Vətən Uğrunda”, “İgidliyə görə” və “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR