XXI əsrin internetsiz kəndi: dirəklər çürüyüb, rabitə xətlərində qırılıb

# 18:51
21 iyun 2022

Lənkəran rayonun Zövlə kəndinin telefon xətləri yararsız vəziyyətdə, internetdən istifadə etmək isə mümkün deyil.

APA TV-nin cənub bürosu xəbər verir ki, 3500 nəfərə yaxın sakini olan kənd şəhər mərkəzindən 25 km məsafədə yerləşir. Sakinlər deyir ki, kənddə bir çox dirəklər çürüyüb, rabitə xətlərində qırıqlar əmələ gəlib və bəzi xətlər kustar üsulla düzəldiyinə görə abonentlərə yağışlı və küləkli havalarda problemlər yaşadır. Sakinlər yağıntılı hava şəraitində ümumiyyətlə telefondan istifadə edə bilmirlər. Keçən əsrin 90-cı illərində qonşu Separadi kəndindən Zövlə kəndinə, daha doğrusu, 50-60 evə telefon xətti çəkilib, amma bu evlərin sakinləri də internetsiz qalıblar. Sözügedən rabitə xətləri və dirəklərinin əksəriyyəti 30 il ərzində tamamilə sıradan çıxıb. 

 

Sakinlərin sözlərinə görə, bir neçə dəfə aidiyyəti qurumlardan əməkdaşlar gəlib baxış keçiriblər, amma hələ də müsbət bir nəticə yoxdur. Məsələ ilə bağlı müraciət etdiyimiz "AzTelekom” İB-nin mətbuat xidmətindən bildirildi ki, yaşayış məntəqəsində qurulmuş telekommunikasiya şəbəkəsi bir müddət keçdikdən sonra yeni tikilən evlərin sayı kifayət qədər artdığından, yaşayış ərazisi xeyli genişləndiyindən bu artımı bəzi hallarda dəstəkləyə bilmir. Məsələnin həlli üçün şəbəkə genişləndirilməli və mövcud tutum artırılmalıdır. Əhatə dairəsinin genişləndirilməsi və indiyədək telefonlaşmayan ərazilərin xidmətlərlə təmin olunması istiqamətində də regionlarda layihələr həyata keçirilir. O cümlədən layihə çərçivəsində Lənkəran şəhərində çoxmərtəbəli binalarda, Sütəmurdov, Velədi, Şilavat, Digah kəndlərində işlərin icrasına başlanılıb. Yaxın vaxtlarda Zövlə kəndində də problemin həlli istiqamətində işlər görüləcək.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR