Yasamal qəbiristanlığında mollalar arasında müştəri üstündə dava olub

# 14:08
5 oktyabr 2022

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda iki molla arasında baş vermiş dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 3-də baş verib. Belə ki, qəbiristanlıqda fəaliyyət göstərən molla, 1975-ci il təvəllüdlü İlqar Əliyev digər molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındırıb.

 

O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə təqsirləndirilib.

 

Məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında “Quran” oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub. İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb.

 

Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə İlqar Əliyevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək öhdəliyi qoyulub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR