“Yaşıl enerji” Azərbaycana necə təsir edəcək? - APA TV

# 18:04
2 noyabr 2022

Bakıda BMT-nin Ölkə üzrə Rezident Nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin birgə təşəbbüsü ilə “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" adlı konfrans keçirilib.

 

Konfransda BMT-nin 2015-ci ildə qəbul etdiyi “Dünyamızın transformasiyası” adlı beynəlxalq layihədən bəhs edilib.

 

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, layihənin məqsədi dünyanın ekoloji cəhətdən yaxşılaşdırılması və insanların komfortunun sağlam üsullarla təmin edilməsidir: “Bütün beynəlxalq layihələrdə Azərbaycan dövləti və hökuməti yaxından iştirak etdiyi kimi BMT-nin başçılığı ilə irəli sürülmüş dünyamızın 2030-cu ilə qədər transformasiyası layihəsində də Azərbaycan yaxından iştirak edir, hökumət səviyyəsində bu istiqamətdə çox vacib işlər görülməkdədir”

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur qurulur və “yaşıl enerji” layihələri tətbiq olunur: “Ermənistanın Azərbaycan dövlətinə və xalqına 30 il ərzində davam etdirdiyi işğal nəticəsində yüzlərlə yaşayış məntəqələri, dövlət və özəl mülkiyyətində olan əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb, ərazilərimiz çox böyük ekoloji fəlakətlə üz-üzə qalıb”

 

Nazir müavini bildirib ki, dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı BMT tərəfindən dayanıqlı inkişaf hesabatları hazırlanır və sonuncu "Dayanıqlı İnkişaf 2022" hesabatında mümkün 100 baldan 73,5 bal toplayaraq Azərbaycan 164 ölkə arasında 50-ci yerdə qərarlaşıb: “Bu göstərici ilə ölkəmiz dünyada hər 3 ölkədən 2-ni qabaqlayaraq Cənubi Qafqaz regionunda lider mövqeyini qoruyub saxlayıb. Azərbaycanda cari ilin yanvar-sentyabr ayları ərzində ixrac istiqamətində 73,3%-lik artım qeydə alınıb. Qeyri-neft, qaz məhsullarının ixracı sahəsində 17,7% artım qeydə alınıb”.

 

Qeyd edək ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi Strategiyası” kimi önəmli sənədlərdə də təmiz ətraf mühit, ekoloji inkişaf amilləri ön plana çəkilir.

 

ŞƏMS QULİYEVA,

FARİZ QULUYEV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR