Yeni dünya düzəni: Azərbaycan nələr edəcək? - APA TV
Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib.
APA TV xəbər verir ki, tədbirdə deputatlar, siyasi elmlər üzrə professorlar, siyasi şərhçilər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir bildirib ki, bu gün Azərbaycan bütün dünya azərbaycanlılarının məsuliyyətini öz üzərinə götürmək gücündədir. O bildirib ki, ölkəmiz yeni reallıqlara uyğun inkişaf hədəflərini müəyyənləşdirə bilir: “Böyük millət, güclü dövlət bizim əsas yeni xəttimiz kimi görünə bilər. Çünki, məhz dünya azərbaycanlılarının özünün güclər dövlətinin olduğuna tam əmindilər. Bu baxımından bugünki dəyirmi masanın mövzusu hesab edirəm ki, yeni ideyalar əsasında formalaşacaq yeni inkişaf strategiyası ümumiyyətlə, yeni ideoloji baxışlarla bağlıdır və hər birinizdən xahiş edirəm ki, dəyərli fikirlərinizi mövzu ilə bağlı paylaşasınız”.
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı qeyd edib ki, güclü dövlət ədalətli qanunlarla qurulur və 1993-cü ildən bu yana Azərbaycanda güclü dövlətin qurulmasının təməli qoyulub. O əlavə edib ki, modernləşməyən dövlət heç zaman rəqabətə davam gətirə, güclü ola, hədəfinə çata bilməz.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə vurğulayıb ki, azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir, biz tariximizi bilirik və “Böyük millət” dialoqsuz ola bilməz: “Böyük millət çox böyük ideoloji anlayışdır. Onunla işləmək lazımdır və biz fikirləşmələyik ki, bu ideologiya bizi necə güclü dövlətə gətirib çıxara bilər. Bu o deməkdir ki, geosiyasətin fəlsəfəsi, çox böyük yer tutur. Ona görə ki, bu fərqli dövlətlərin bir millət kimi funksiyalaşması asan məsələ deyil. Xatırlatmaq istəyirəm ki, Şuşa bəyannaməsinin də bu məsələyə aidiyyəti var”.
“Böyük millət ideologiyasının yaranmasında zəruri edən amillərdən biri də bu gün dünyada baş verən proseslərdir”. Bunu isə çıxışında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova deyib. O əlavə edib ki, milli ideologiyamızın ilk düsturu bayrağımızdır və dühalarımız da daim inkişaf etməyi, güclənməyi bayrağımızda əks etdiriblər. Tahirə Allahyarova bildirib ki, Yeni dünya düzənində Azərbaycanın hədəfləri bəlirlənməli, dövlət ideologiyası, dövlətçilik, milli ideologiya sahələrindəki boşluqlar doldurulmalıdır.
Deputat Fazil Mustafa da qeyd edib ki, azərbaycanlı kimliyinin və azərbaycançılıq ideologiyasının təsiri üzərində qurulmasına çalışmalıyıq.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var və dini təhlükəsizliyimiz təmin edilməlidir.
Tədbir digər siyasilərin çıxışları ilə davam edib.
Fuad Sadıqov,
Xəyal İskəndərov,
APA TV