Zaqatalada un üyüdən qeyri-adi alət - Sakinlər ondan əl çəkmir

# 11:00
25 yanvar 2023

Zaman keçdikcə, əl əməyini texnika əvəz edir. Lakin elə qədim əmək alətləri var ki, onlar hələ də bölgələrimizdə qorunub saxlanmaqdadır və insanlar onlardan sevə-sevə istifadə edir.

Belə əmək alətlərindən biri də ding kimi tanınan qədim məişət əşyasıdır. Zaqatalanın Yengiyan, Kəpənəkçi, Mosul, Faldar, Qandax və bəzi kəndlərində ata-babadan miras kimi qalan bu alət hələ də istifadə edilir.

Palıddan düzəldilən, dənli bitkiləri döymə üsulu ilə un halına salan bu alətin qorunub-saxlanıldığı kəndlərdən biri də Yengiyan kəndidir.

Dingin ön hissəsində girdə çala, arxa hissəsində isə bir cüt qol olur. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır. Alətin istifadə edilməsi prosesində iki nəfərin iştirak etməsi vacibdir.

Sakinlər bildirir ki, ding alətini adətən həyətlərdə, yola açılan qapıya yaxın quraşdırırlar ki, ondan hamı istifadə edə bilsin.

Kənd sakinlərinin bildirdiyinə görə, rayonda hazırlanan bəzi şirniyyatlar məhz dingdə üyüdülən undan hazırlanır. Bayramlarda hamı düyünü, buğdanı, qarğıdalını bu alət vasitəsi ilə üyüdür. Xeyir-şər məclisləri dingdə üyüdülən undan hazırlanmış şirniyyatlarsız keçmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR