Zaqatalada yeddi yaşlı uşaq günə 80 manat qazanır

# 16:23
5 sentyabr 2023

Zaqatalada küçədə, keçiddə, bazarda, yolda və bir çox yerlərdə onlarla qarşılaşmaqdan qaça bilməzsiniz. Son zamanlar rayon ərazisində dilənçilər çoxalıb. Küçələrdə əl açan dilənçilər arasında qaraçılar da çoxdur. Onların bəziləri həqiqətən ehtiyacdan, bəziləri də sırf məşğuliyyəti bu olduğu üçün əl açırlar. Ən çox da insanlara əl açıb yardım istəyən körpə uşaqlar olur. Onlardan məlumat almaq istəyəndə ya qaçırlar, ya da düzgün məlumat vermirlər. Onlarla ünsiyyət yaradanda görürsən ki, bir evdən iki-üç nəfər, ya da yaxın qohumlar bir yerdə dilənməyə gəlirlər. Bir peşə kimi nəsildən nəslə ötürülür dilənmək. Bəli, həmsöhbət olduğumuz yeniyetmələr məktəbdə oxuduqlarını desələr də, həftənin bütün günləri onları şəhərin mərkəzi küçələrində, parklarında pul dilənərkən görmək mümkündür. Hər küçədə, avtomobil yollarında, işıqforların yanında hərəkətdə olan maşınların üstünə qaçan bu yetkinlik yaşına çatmayan uşaqlar yalnız başqalarının həyatı üçün deyil, həm də öz həyatları üçün təhlükə yaradırlar. Şəhərinin mərkəzində, ticarət obyektlərinin qarşısında, istirahət parklarında, bazar ərazisində və məscidlərin qarşısında qarşılaşa biləcəyiniz bu dilənçilər bəzən insanlar üçün problem də yaradırlar. İnsanlar onlara istədikləri məbləği vermədikdə onlarla mübahisə edirlər. Vətəndaşlar bildirir ki, istədiyini ala bilməyəndə qrup şəklində müqavimət göstərən dilənçilər də var. DİN-in mətbuat xidmətin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov bildidi ki, bu şəxslərlə daim maarifləndirici söhbətlər aparılır, edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə protokol tərtib edilir. Ekspertlər isə bildirir ki, dilənçiliyə sövq edilən azyaşlıların kimliyinin müəyyənləşdirilməsi üçün monitorinqlər aparılarsa onların təhsildən yayındırılmasının və dilənçiliyin bir peşəyə çevrilməsinin qarşının alınması mümkün olar. Təbii ki, insanlar dilənən şəxslərə pul verməməklə bu işə dəstək ola bilərlər. Çünki, necə deyərlər, pul gəlməyən işə heç kim vaxt sərf etməz. Qeyd edək ki, rayon mərkəzində və kəndlərdə qaraçılardan başqa Şamaxı, İsmayıllı və başqa rayonlardan gələn və yaxınlarının xəstəliyi ilə bağlı pul dilənən dilənçilərdə təsadüf olunur. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR